Bakı Mühəndislik Universitetində (BMU) Çin Xalq Respublikasının Pekin Kimya Texnologiyaları Universitetinin (PKTU) nümayəndə heyəti ilə professor-müəllim heyəti və tələbələrin görüşü təşkil olunub.
Rektor Yaqub Piriyev görüşün BMU ilə PKTU arasında Kimya, Kömpüter və Mexanika mühəndislikləri ixtisasları üzrə imzalanmış ikili diplom müqaviləsi çərçivəsində keçirildiyini bildirib və universitetlə bağlı məlumatların təhsilinin yerdə qalan iki ilini Çində davam etdirmək istəyən tələbələr üçün əhəmiyyətli olacağına əminliyini vurğulayıb.
Sonra PKTU-nun Beynəlxalq Təhsil Məktəbinin sədri Li Qifang təqdimatla çıxış edib. Bildirib ki, 1958-ci ildə yaradılan ali məktəbin 2700 nəfərdən ibarət professor-müəllim heyəti və 28670 tələbəsi var. 17 kollec və məktəbi olan universitet üç əsas böyük kampusda yerləşir və burada iqtisadiyyat, idarəetmə, mühəndislik, hüquq, habelə digər humanitar sahələr üzrə tədris həyata keçirilir. Dünyanın 170 ölkəsinin 63 universiteti ilə əməkdaşlıq edən PKTU-da ingilis dilində təhsil almaq imkanları genişdir və bakalavriatura, magistratura, doktorantura səviyyələrində proqramlar icra olunur. Təqdimatda, eyni zamanda universitetin ayrı-ayrı məqamlar üzrə dünya reytinq sıralamasında öncül mövqeləri açıqlanıb, həmçinin beynəlxalq tələbə dinamikası, xarici tələbələr üçün təşkil olunan proqramlar, yay məktəbləri, layihələr, dil öyrənmə kursları haqqında məlumat verilib. PKTU-nun 100-dən çox müəssisə ilə təcrübə məqsədli əməkdaşlıq əlaqələri qurduğu, eləcə də universitetin tədqiqat prioritetləri, mühəndislik və texnoloji tədqiqatlarda əhəmiyyətli rol oynayan laboratoriyalarının geniş imkanları diqqətə çatdırılıb.
Təqdimatın ardınca BMU ilə PKTU arasında icra ediləcək ikili diplom proqramı əsasında təhsilinin yerdə qalan iki ilini Çində almağa uyğun gələn tələbələrin sualları cavablandırılıb. Eyni zamanda onlara bir sıra zəruri tövsiyələr verilib.
Görüşdən sonra PKTU-nun nümayəndə heyəti BMU-nun kampusu, laboratoriyaları ilə yaxından tanış olub.
İctimaiyyətlə əlaqələr şöbəsi