BMU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

12 İyun 2025
BMU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 15 İyun- Milli Qurtuluş Gününə həsr edilən Respublika elmi konfransı təşkil olunub. 

Konfransda öncə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib və “Milli qurtuluşdan zəfərə” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev 15 İyun-Milli Qurtuluş Gününün Azərbaycanın müasir dövlətçilik tarixinin ən parlaq səhifələrindən olduğunu diqqətə çatdırıb. Bildirib ki, 1993-cü ildə Azərbaycan o zamankı siyasi hakimiyyətin idarəetmədə təcrübəsizliyi ucbatından böyük bir xaosun içərisinə düşmüş, vətəndaş müharibəsinə aparan hadisələr ölkənin müstəqilliyini təhlükə altına atmış, Ermənistanın daha geniş ərazilər qoparmaq planına təkan vermiş və bütün bu proseslər xalqımızı dərindən  sarsıtmışdı. Belə bir vəziyyətdə Azərbaycanın güclü, təcrübəli liderə ehtiyacı yaranmışdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya çağrıldığını deyən Yaqub Piriyev təcrübəli siyasətçinin Azərbaycanı düşdüyü mürəkkəb vəziyyətdən çıxarmaq üçün atdığı mühüm addımları vurğulayıb. Eyni zamanda Ümummilli Liderin ölkəyə rəhbər seçildiyi vaxtdan həyata keçirdiyi islahatları, ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq nüfuzu üçün gördüyü əhəmiyyətli işləri qeyd edib. Rektor Ulu Öndərin Azərbaycanın hərtərəfli inkişafının davamlı olması üçün etibarlı irs, mükəmməl dövlətçilik xətti, nümunəvi siyasi məktəb yaratdığını və  Prezident İlham Əliyevin layiqli siyasi varis kimi Azərbaycanı möhkəm təməllər üzərində inkişaf etdirdiyini söyləyib. Əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi, hərbi baxımdan güclənən Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdi, ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu və Ümummilli Liderin ən böyük hədəflərindən biri olan Qarabağın azadlığı reallaşdırıldı. Çıxışının sonunda Azərbaycanın möhtəşəm qələbələrinin möhkəm təməlinin 15 iyun tarixindən başladığını deyən rektor Heydər Əliyev yolunun ölkəmizi daim böyük zəfərlərə aparacağına əminliyini ifadə edib.  

Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Qurtuluş Günü- Azərbaycan xalqının müqəddəratını həll edən hadisə” adlı məruzə ilə çıxış edib. Məruzədə Ulu Öndərin xilaskarlıq missiyasından, Azərbaycanı parçalanmaqdan qorumaq üçün atdığı mühüm addımlardan geniş bəhs olunub. Bildirilib ki, Ulu Öndərin təcrübəsi, müdrikliyi, dəqiq qərarları sayəsində Azərbaycan mürəkkəb situasiyadan çıxa bildi, müstəqilliyini möhkəmlətdi, Ermənistanla atəşkəs sazişi imzalamağa müvəffəq oldu, o cümlədən “Əsrin müqaviləsi” reallaşdırıldı, bütövlükdə isə ölkənin sosial-iqtisadi inkişafının başlanması təmin edildi. Çıxışda Azərbaycan xalqının İlham Əliyevin Ali Baş Komandanlığı altında möhtəşəm Zəfərə imza atmasının Heydər Əliyevin itirilmiş torpaqlara qayıtmaqla bağlı uzaqgörənliklə söylədiyi fikirlərin real təntənəsi olduğu vurğulanıb.

Konfransda YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Milli Məclisin deputatları-Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Mehriban Vəliyeva və Şahin Seyidzadə məruzə ilə çıxış ediblər. Məruzələrdə 15 iyun Azərbaycanın taleyini dəyişən gün, Zəfər tariximizin başlanğıcı kimi xarakterizə edilib. Eyni zamanda böyük siyasətçi Heydər Əliyevin dövlət quruculuğu konsepsiyasının vacib məqamları, ölkəmizin demokratik, hüquqi dəyərlər əsasında inkişaf yolunu seçməsi ilə möhkəm sabitliyə, insan hüquq və azadlıqlarına əsaslanan vətəndaş cəmiyyətinin formalaşdırılmasına, sosialyönümlü iqtisadiyyata nail olunması diqqətə çatdırılıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin dövlətin qorunması və daha da inkişafında əsas götürdüyü prinsiplərin Prezident İlham Əliyev tərəfindən layiqli davam etdirilməsi nəticəsində Azərbaycan böyük uğurlara imza atır. Çıxışlarda, həmçinin müstəqil, güclü Azərbaycanın savadlı, vətənpərvər gənclərə əmanət edildiyi, müasir nəsillərin bu əmanəti layiqli şəkildə qorumalı olduğu bildirilib və onlara bu istiqamətdə gərəkli tövsiyələr çatdırılıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi   

   

Digər xəbərlər