BMU-da məlumatlandırıcı seminar keçirildi

24 Aprel 2019
BMU-da məlumatlandırıcı seminar keçirildi

     Aprelin 23-ü Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsi ilə Mühəndislik fakültəsinin Kompüter və informasiya texnologiyaları kafedrasının birgə təşkilatçılığı ilə məlumatlandırıcı seminar təşkil edilib.

    Seminarın məqsədi Universitetin beynəlxalq əlaqələri, iştirak etdiyi proqram və layihələr, xarici universitetlərlə əməkdaşlıq çərçivəsində hazırlana biləcək layihələrin universitetin müəllimləri və rəhbər işçiləri ilə müzakirəsi idi.

    Seminarı Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Manafəddin Namazov açıq elan edib və universitetin beynəlxalq əlaqələrinin cari vəziyyəti, imkan və əngəllərindən, həmçinin həll yollarından danışıb. Universitet əməkdaşlarının beynəlxalq əlaqələrin inkişaf etdirilməsində, həmçinin layihələrin hazırlanmasında maraq və aktivlik göstərməsinin vacibliyini vurğulayan M.Namazov bu iş üçün Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin hər zaman bacardığı dəstəyi verməyə hazır olduğunu bildirib.

    Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov çıxış edərək universitetin mövcud beynəlxlaq əlqələri, iştirak etdiyi proqramlar və layihələri, həmçinin imzalanmış əməkdaşlıq və mübadilə proqramları üçün sazişlər və universitetlər haqqında tədbir iştirakçılarına məlumat verib.

     Seminarın iştirak edən Kompüter və İnformasiya texnologiyaları kafedrasının müdiri t.ü.f.d. Babək Abbasov və baş müəllimi Əli Həsənovun “Əməkdaş universitetlərdə mobil proqramlaşdırma və oyun dizaynı üzrə magistr proqramlarının inkişafı (MAGnUS)” Erasmus+ KA2 layihəsi çərçivəsində İsveçin Linkopinq şəhərində 2-6 aprel tarixlərində keçirilmiş layihənin ilk toplantısı və əldə olunmuş məlumatların paylaşılması haqqında məlumat veriblər. Bildirilib ki, layihənin tərəfdaşları içərisində Azərbaycandan tərəfdaş kimi iştirak edən üç ali təhsil müəssisələri içərisində ilk dəfə idi ki, BMU layihənin 5-ci iş paketinin “Dissemination (təbliğat və təşviqat)” rəhbəri, yəni lider universitet seçilmişdir. Layihənin digər Azərbaycanadan olan iki universiteti isə digər iş paketlərinə köməkçi universitet kimi seçilmişdir.

     Daha sonra Elmi işlər üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Magistratura və doktorantura şöbəsinin aparıcı mütəxəssisi Ülkər Abdurəhmanova "Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil müəssisələrinin tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi (NİZAMİ)” Erasmus+ KA2 layihəsi haqqında BMU-nun iştirakı, əldə olunmuş nəticələr və onların gələcəkdə şöbənin fəaliyyətində istifadə olunması planlarından danışıb. O, əlavə edib ki, cari ilin may ayından başlayaraq doktorantlar üçün davamlı seminarlar və təlimlərə start veriləcək, doktorantların dissertasiya işlərinin vaxtında müdafiəsi üçün lazım olan dəstəklər göstəriləcək.

    Seminarda Elmi işlər üzrə prorektor, dosent Elçin Süleymanov NİZAMİ və digər layihələrin universitet üçün əhəmiyyətindən danışıb. Bildirib ki, NİZAMİ layihəsinin ən faydalı nəticəsi kimi doktornatların istifadəsi üçün yaradılmış Milli İdarəetmə Portalı və layihənin icrası müddətində qazanılmış beynəlxalq təcrübələr olmuşdur.

     Seminarın sonunda məruzəçilər iştirakçıların ünvanladığı sualları cavablandırıblar. 

 

Digər xəbərlər