BMU-da “Mediasiya və məhkəmə təcrübəsi”nə həsr olunan maarifləndirici tədbir keçirilib

20 Aprel 2022
BMU-da “Mediasiya və məhkəmə təcrübəsi”nə həsr olunan maarifləndirici tədbir keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Mediasiya və məhkəmə təcrübəsi”nə həsr olunan maarifləndirici tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə Azərbaycanda mediasiyanın inkişafının və bu sahədə islahatların intensiv xarakter aldığını önə çəkərək ötən il mediasiya ilə bağlı müvafiq qanunvericilik aktlarının qəbul olunduğunu deyib. Tədbirin əhəmiyyətini qeyd edən prorektor ali təhsil müəssisələrində tələbələrin mübahisələrin alternativ həlli yolu ilə bağlı biliklərinin artırılması mövzusunun önəm kəsb etdiyini vurğulayıb.

Sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev “Mediasiya və məhkəmə təcrübəsi” mövzusunda geniş məruzə ilə çıxış edib. Beynəlxalq təşkilatların dəstəyi ilə qabaqcıl dünya təcrübəsinə uyğun tənzimləməni özündə ehtiva edən Azərbaycan mediasiyasının normativ-hüquqi bazasının qurulduğunu söyləyən R.Əliyev bu sahəni tənzimləyən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 2021-ci ilin iyul ayından tam olaraq qüvvəyə mindiyini, digər qanunvericilik aktlarında müvafiq dəyişikliklərin olunduğunu nəzərə çatdırıb.

 Hazırda mediasiya ilə bağlı maarifləndirici görüşlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayan hüquqşünas bildirib ki, mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan prosesdir.

R.Əliyev qeyd edib ki, ölkəmizdə mediasiya mülki, kommersiya, ailə, əmək, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə aparılır.

Mediasiya Şurasının əsas funksiyalarından bəhs edən R.Əliyev bu sahədə nəzarətin həyata keçirilməsinə də toxunub. Diqqətə çatdırıb ki, Şura qanunvericiliyinə uyğun olaraq, nəzarət tədbirlərini müxtəlif üsullarla gerçəkləşdirərək vəzifələrini pozan mediatorlar barəsində məsuliyyət tədbirləri də  görülür.

Hüquqşünas çıxışında nikah müqaviləsinin bağlanması, vərəsəlik hüququ, alimentlərin verilməsi və digər mövzularla bağlı da ətraflı məlumat verib.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər