BMU-da magistratura səviyyəsi üzrə 5 yeni ixtisas yaradılıb

10 İyun 2021
BMU-da magistratura səviyyəsi üzrə 5 yeni ixtisas yaradılıb

Bakı Mühəndislik Universitetinin (BMU) magistr pilləsi üzrə 2021/2022-ci tədris ilində yeni ixtisaslar yaradılıb. Belə ki, yeni tədris ilindən başlayaraq BMU-nun magistratura səviyyəsində Kibertəhlükəsizlik (SABAH - dövlət sifarişli), Elektroenergetika mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Memarlıq ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək. Yaradılan ixtisaslarda təhsil almaq və bu sahədə yüksəkixtisaslı mütəxəssis olmaq istəyən magistrlər üçün BMU-da geniş imkanlar, perspektivlər və elmi-pedaqoji kadrlar vardır.

Universitetdə tədris prosesini təmin etmək üçün ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, müasir auditoriyalar, tədris və elmi ədəbiyyat fondu olan kitabxana, internet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz edilmiş otaqlardan istifadə imkanı mövcuddur. Yarandığı zamandan elektron universitet kimi fəaliyyət göstərən BMU-da elektron tədris, onlayn tədris platforması, elektron universitet idarəetmə sistemi və digər elektron xidmətlər geniş istifadə olunmaqdadır. Həmin xidmətlərin təkmilləşdirilməsi istiqamətində görülən işlər davamlı olaraq həyata keçirilməkdədir.

BMU-da magistratura səviyyəsi və MBA proqramı üzrə tədris prosesini təşkil etmək üçün geniş təcrübəyə malik və ixtisaslarını yüksək səviyyədə tədris edən elmi-pedaqoji kadrlarla yanaşı, xarici dilli şirkətlərdə işləyən mütəxəssislərə, o cümlədən logistika və iqtisadiyyat yönümlü mütəxəssislərə daha çox üstünlük verilir. Həmin mütəxəssislərin müasir texnologiyaları, mütərəqqi fikirləri təhsildə tətbiq etmələrini onlara üstünlük verilməsinin əsas səbəbi kimi qiymətləndirmək olar.

BMU-da təhsilin ingilis dilində və yüksək keyfiyyətdə tədris olunması gələcək mütəxəssislərin dünya miqyasında tanınmağına da böyük əsas yaradır.

Universitetdə magistr tələbələrinin  yataqxana ilə təmin olunmasına da şərait yaradılıb. Belə ki, universitetin ən müasir tələblərə cavab verən, oğlanlar və qızlar üçün nəzərdə tutulan 300 nəfərlik iki böyük yataqxanası fəaliyyət göstərir. Zəngin kitabxanaya malik olan yataqxanaların təhlükəsizlik məsələləri də yüksək səviyyədə təşkil olunub.

Xatırladaq ki, BMU-nun təsdiq olunan qəbul planında magistr pilləsində, MBA proqramı daxil olmaqla, ümumilikdə 19 ixtisas və 29 ixtisaslaşma üzrə 365 yer ayrılıb. Onlardan 300 yer Azərbaycan bölməsinin, 65 yer  ingilis bölməsinin payına düşür.

Magistratura səviyyəsi üzrə ixtisasların tam siyahısı ilə http://beu.edu.az/az/page/magistratura-ixtisaslar-159 linki vasitəsilə tanış olmaq olar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər