Bakı Mühəndislik Universitetində (BMU) Kimya mühəndisliyi kafedrasının təşkilatçılığı ilə “Kimya Mühəndisləri Cəmiyyəti”nin (Society of Chemical Engineers-SChE) tanıtımına dair tələbələr üçün infosessiya keçirilib.
Tədbirdə çıxış edənlər cəmiyyətin “Kimya mühəndisliyi” ixtisasında təhsil alan tələbələri birləşdirən, onların layihələrinə, maraqlı ideyalarına diqqətlə yanaşan bir platforma olduğunu bildirib. BMU-da tələbələrin tədqiqatyönümlü axtarışları, bilik və bacarıqlarının artırılması üçün hər cür şəraitin yaradıldığı, bunun nəticəsi kimi universitet komandalarının öz startapları ilə respublika, həmçinin beynəlxalq səviyyəli yarışlarda uğurlara imza atdığı qeyd olunub və gələcəyin kimya mühəndislərinin də belə müsabiqələrə qatılmaq, müvəffəqiyyət qazanmaq potensialına sahib olduqlarına inam ifadə edilib.
BMU-da yaxın zamanlarda Kimya üzrə beynəlxalq olimpiadalara hazırlıq qrupunun yaradılacağı da diqqətə çatdırılıb və qrupun həm Abşeron rayonu ərazisində yaşayan məktəblilərin, həm də universitet tələbələrinin üzünə açıq olacağı vurğulanıb.
Sonra cəmiyyətin tanıtımı olub. Məlumat verilib ki, cəmiyyət yarandığı iki il müddətində bir sıra layihələr həyata keçirib, o cümlədən “Kimya mühəndisliyi” ixtisasının tələbələrinə bilik və bacarıqlarını artırmaq üçün müxtəlif təlimlər, forumlar, habelə tanınmış mühəndislərlə görüşlər təşkil edib. Hər bir kimya mühəndisinin uğurlu kadr kimi yetişməsinin onun çoxsaylı zavod və fabriklər görməsinə bağlı olduğu nəzərə alınaraq cəmiyyət tərəfindən tələbələrin müxtəlif müəssisələrə ekskursiyaları da təşkil olunub.
İnfosessiya zamanı bildirilib ki, tələbələr belə bir platformada həm onlara tədris olunan dərslərin birlikdə müzakirəsini apara, həm də tədqiqat ideyalarını bölüşə bilərlər.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi