Bakı Mühəndislik Universitetində (BMU) 2022/2023-cü tədris ili üzrə bakalavr pilləsinə qəbul olan tələbələr üçün ənənəvi “Oriyentasiya günü” təşkil olunub.
Universitetin Memarlıq və inşaat fakültəsi, İqtisadiyyat və İdarəetmə fakültələrinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə erməni təxribatı nəticəsində şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Memarlıq və inşaat fakültəsinin dekanı Afər Əlifov, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Mayis Əzizov, dekan müavinləri və fakültələrin digər əməkdaşları çıxış ediblər.
Tələbələrə universitet həyatı, universitetdaxili zəruri, istiqamətləndirici məlumatlar və prosedurlar izah edilib, eyni zamanda tədris ilində fəaliyyətlərinin düzgün, səmərəli və mümkün qədər effektiv qurulması üçün üçün lazımi informasiyalar verilib. Gənclərin inkişafında tələbə təşkilatlarının mühüm rol oynaması önə çəkilərək, BMU-nun Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Komitəsi, həmçinin tələbə klubları, dərnəklərin fəaliyyətindən söz açılıb.
Ayrı-ayrı təqdimatlar zamanı I kurs tələbələrinə BMU-nun elektron sistemləri, o cümlədən Tələbə Məlumat Sistemi (TMS) haqda geniş informasiya çatdırılıb, bu sistemlərin iş prinsipi əyani olaraq nümayiş etdirilib.
Çıxışlarda tələbələrin hüquqları, universitetdaxili nizam-intizam qaydaları da nəzərə çatdırılıb, bu qaydalara ciddi riayət olunması tövsiyə olunub.
Kifayət qədər zəngin məlumat və məsləhətlərin yer aldığı görüşlərin sonunda tələbələrə yeni dərs ilində uğurlar arzulanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi