Bakı Mühəndislik Universitetində (BMU) elmi fəaliyyətin intensivliyi, eyni zamanda elmi-tədqiqat işlərinin sayı son illərdə, o cümlədən ötən il əhəmiyyətli dərəcədə artıb. Belə ki, BMU əməkdaşları tərəfindən 2020-ci ildə 3 dərslik, 19 dərs vəsaiti, 145 metodik vəsait və proqramı nəşr olunub, 1-i xaricdə olmaqla 2 patent alınıb.
Universitetin mövcud 23 kafedrasında 42 problem və 84 mövzu üzrə 232 elmi-tədqiqat işi yerinə yetirilib və 25 mövzu üzrə 32 iş tamamlanıb. Web of Science platformasında 2017-ci ildə 12, 2018-ci ildə 19, 2019-cu ildə 29 və 2020-ci ildə 41 olmaqla, cəmi 101 nəşr (ümumilikdə sistemdə BMU adından 157 nəşr daxil edilib) və onlara 517 istinad qeyd edilib. Bu göstəricilərə görə BMU Azərbaycan universitetlərinin ilk onluğunda qərarlaşır.
Xaricdə nəşr olunan 100-dən artıq məqalənin 50-yə yaxını impakt faktorlu jurnallardakı nəşrlərdir. BMU əməkdaşlarının Tomson Reuters bazasında olan nəşrləri sayına görə ümumi olaraq ölkə universitetləri arasında ilk onluqda, ictimai elmlər üzrə isə ADA universitetindən sonra ikinci yerdədir.
2017-ci ildə elmi nəşrlərə görə mükafat alan BMU əməkdaşlarının sayı 7 nəfərdən 2020-ci ildə 35 nəfərə qədər artıb ki, onların da əksəriyyətini gənc tədqiqatçılar təşkil edir.
Son 3 ildə universitet əməkdaşlarının ən mötəbər elmi nəşrlərdən olan Renewable and Sustainable Energy Reviews (Web Of Science impakt faktoru 25.239), Journal Of Molecular Liquids İF 4.561, Environmental Science And Pollution Research İF 3.208, Applied Mathematical Modelling 3.112 kimi ən məşhur jurnallarda 10-a yaxın məqaləsi nəşr edilib.
BMU əməkdaşlarının 41-i xaricdə və 98 tezis Azərbaycanda olmaqla 139 elmi konfrans nəşri olub.
Beynəlxalq elmi jurnallarda məqalə sayının artırılması ilə bağlı strateji planda nəzərdə tutulan hədəf 40% artıqlaması ilə yerinə yetirilib. Belə ki, impakt faktorlu elmi jurnallarda nəşr sayı 35 ədəd hədəf olaraq müəyyənləşib və 2020-ci ildə əməkdaşların 50 tədqiqatı çap olunub.
Bütövlükdə isə universitet əməkdaşları tərəfindən 2017-2020-ci illərdə elmi-tədqiqat işlərinin nəticələri 17 monoqrafiya, 7 dərslik, 14 dərs vəsaiti, 191 adda xarici və 387 adda respublikada elmi məqalə, 91-i xaricdə olmaqla 183 elmi konfrans nəşri, 2 müəlliflik şəhadətnaməsi və 3 patentində öz əksini tapıb.
İctimaiyyətlə əlaqələr şöbəsi