Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib. Rektor, Elmi Şuranın sədri Yaqub Piriyev gündəlikdə duran məsələləri açıqlayıb. Ardınca “2023/24-cü tədris ili və 2025-ci ilin I yarım ili üçün BMU rektorunun hesabatı” dinlənilib.
Hesabatda son iki ildə universitetdə aparılan islahatlardan, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün görülən işlərdən, açılan yeni ixtisaslardan, ali məktəbin beynəlxalq əlaqələrinin genişlənməsindən, o cümlədən dünyanın nüfuzlu reytinqlərində irəliləməsindən ətraflı bəhs edilib. BMU-nun qəbul planının artması ilə bağlı müvafiq göstəricilər, o cümlədən iki ildə bakalavr səviyyəsində 10 yeni ixtisasın açılması, bütövlükdə təhsilin bütün səviyyələrində qəbulun müsbət dinamikası diqqətə çatdırılıb. Hesabatda, həmçinin BMU-nun güclənən beynəlxalq nüfuzu, Çin və Cənubi Koreya universitetləri ilə ümumilikdə 7 ixtisas üzrə həyata keçirilən ikili diplom proqramları, ali təhsil ocağının QS reytinqində 550 pillə irəliləyərək dünya üzrə ilk 1000-yə daxil olması vurğulanıb. Rektor məzunların məşğulluq məsələsinə də toxunub və bu sahədə BMU-nun öncül mövqedə dayanmasını, son illərdə məzunların məşğulluq göstəricisinin 65%-dən yuxarı olmasını qeyd edib. Digər sahələr üzrə əldə edilən nailiyyətlər və qarşıda duran əsas vəzifələr barədə də ətraflı məlumat verən Yaqub Piriyev BMU-nun gələcək inkişafı üçün perspektiv planları nəzərə çatdırıb.
İclasda gündəliyə uyğun olaraq ”İstehsalat, pedaqoji, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin nəticələri”nə dair hesabat da təqdim olunub.
Hər bir hesabat ətrafında geniş müzakirələr aparılıb, Şura üzvlərinin təklif və rəyləri nəzərə alınmaqla qənaətbəxş sayılıb.
Sonra iclasda “BMU-nun Elmi Şurasının 2025-2026-cı tədris ilinin iş planın təsdiqi” nə dair məlumat təqdim olunub və iş planı təsdiqlənib.
Cari məsələlərin müzakirəsi ilə davam edən iclasda sədr Yaqub Piriyev gündəlikdəki məsələlərlə bağlı struktur rəhbərlərinə bir sıra tapşırıq və tövsiyələr verib.
Sonda BMU Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifovaya universitetin ictimai-sosial həyatındakı səmərəli fəaliyyətinə görə fəxri fərman təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi