BMU-da Elmi Şuranın iclası keçirilib

11 Fevral 2025
BMU-da Elmi Şuranın iclası keçirilib

Fevralın 10-da Bakı Mühəndislik Universiteti (BMU) Elmi Şurasının cari il üzrə ilk iclası keçirilib.

İclasda gündəliyə uyğun olaraq 2024/2025-ci tədris ilinin qış imtahan sessiyasının nəticələri və tədrisin keyfiyyətinin yüksəldilməsi yolları, 2024-cü təqvim ilində aparılmış elmi-tədqiqat işlərinin yekunları, həmçinin anket sorğularının nəticələrinin dəyərləndirilməsi ilə bağlı hesabatlar dinlənilib.

Ardınca təqdim olunan hesabatlar, eləcə də universitetin təşkil etdiyi konfranslar, elmi-metodiki seminarların səmərəli təşkili, əməkdaşlar və tələbələrin ölkə daxilində, habelə beynəlxalq qrant layihələrində iştirakları, ixtira və patentlərin alınması işinin təşviqi, onların kommersiyalaşdırılması, BMU-da nəşr olunan elmi jurnalların fəaliyyətinin təkmilləşdirilməsi, digər nüfuzlu universitetlərin elmi kitabxanaları ilə əlaqələrin genişləndirilməsi, əməkdaşların impakt faktorlu nəşrlərinin sayının artırılması və s. məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Hər üç hesabatla bağlı rəy və təkliflər dinlənildikdən sonra iclasa sədrlik edən rektor Yaqub Piriyev müzakirə olunan məsələlərlə bağlı struktur rəhbərlərinə bir sıra tapşırıq və tövsiyələrini verib.

Hesabatlar təklif və tövsiyələr nəzərə alınmaqla qənaətbəxş sayılıb.

Cari məsələlərin də baxıldığı iclasda həmçinin, yubiley yaşları olan əməkdaşlara universitetin ictimai-sosial həyatındakı səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlar təqdim edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər