BMU-da “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə dövlət təqaüdlü ikili diplom proqramı

07 Avqust 2025
BMU-da “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə dövlət təqaüdlü ikili diplom proqramı

“Elektrik və elektronika mühəndisliyi” Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində qəbulu həyata keçirilən ixtisaslar sırasında yer alır.  

Müasir dövrümüzdə ciddi tələbat duyulan və strateji əhəmiyyət daşıyan bu ixtisasa yiyələnmək istəyən abituriyentlər üçün geniş imkanlar yaradan BMU, eyni zamanda ölkəmizdə elektrik və elektronika mühəndisləri yetişdirən ilk universitetlərdən biridir.

 “Elektrik və elektronika mühəndisliyi” enerji sistemləri, elektron cihazlar, rabitə texnologiyaları və avtomatlaşdırılmış idarəetmə sahələrinin kəsişməsində duran çoxsahəli bir ixtisasdır. Bu sahə müasir elektrik enerji sistemlərinin dizaynı, quraşdırılması, monitorinqi, idarə olunması və qorunması ilə yanaşı, elektronika, eləcə də rəqəmsal texnologiyaların inkişafı və tətbiqini əhatə edir. İxtisasa yiyələnən tələbələr həm ən kiçik elektron qurğular, həm də iri elektrik stansiyalarında tətbiq olunan kompleks sistemlərlə işləmək bacarığı qazanırlar. Onlar bərpa olunan enerji mənbələrinin inteqrasiyası, enerji paylama, saxlama şəbəkələrinin təkmilləşdirilməsi, müasir idarəetmə sistemlərinin hazırlanması və qabaqcıl elektron həllərin tətbiqi sahəsində peşəkar biliklər əldə edirlər. Proqram bərk cisim fizikası, güc elektronikası, rabitə texnologiyaları, siqnalların emalı, robototexnika, telekommunikasiya və kompüter elmləri kimi sahələrdə geniş nəzəri, habelə praktiki biliklər təqdim edir. Məzunlar mühəndislik layihələrinin icrasında, habelə tədqiqat, innovasiya və beynəlxalq əməkdaşlıq mühitində uğurla fəaliyyət göstərə biləcək yüksək ixtisaslı mütəxəssislər kimi yetişirlər.

Bu imkanları dəyərləndirmək istəyən abituriyentlər Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə icra müddəti 2030-cu ilədək uzadılan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə müvafiq Dövlət Proqramı çərçivəsində gerçəkləşdirilən BMU-İNHA  İDP-yə müraciət edə bilərlər. Hazırda ali təhsilin bakalavriat səviyyəsində 2025/2026-cı tədris ili üçün “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə BMU-İNHA İDP-yə onlayn qeydiyyat prosesi davam etməkdədir.

Tədrisi 3+1 modelinə əsaslanan proqram tələbələrinin Koreya Respublikasında 1 illik tam təhsil və digər xərcləri  dövlət tərəfindən ödənilir.

Təhsil müddətinin sonunda tələbələrə BMU və İNHA Universiteti tərəfindən “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə bakalavr diplomları təqdim edilir. Bu ixtisas üzrə məzunlar sənayenin müxtəlif təyinatlı sahələrində, o cumlədən nəqliyyat, energetika, neft-qaz sənayesi, ümumi və xüsusi təyinatlı maşın və elektronika istehsalı, mürəkkəb elektron-idarəetmə sistemlərin istismarı ilə məşğul olan dövlət, habelə özəl muəssisələrdə mühəndis-elektrik, mühəndis-elektronçu kimi digər yüksək reytinqli vəzifə və peşələrdə çalışmaq imkanı qazanırlar.

Qeyd edək ki, ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də bu il DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupu üzrə minimum 400 bal toplamış abituriyentlər iştirak edə bilər. Seçim nəticəsində 25 nəfər tələbə “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə təhsil almaq hüququ qazanacaq.

Proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada keçirilən Riyaziyyat, Fizika, İngilis dili üzrə daxili imtahanda da uğur qazanmalıdırlar. Daxili imtahanda iştirak üçün namizədlər tələb olunan sənədləri “onlayn anket”ə daxil etməlidir. Sənədlərin son qəbul tarixi 09.08.2025-il saat 23:55-dir. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim olunmalıdır.

BMU-İNHA İDP-ə qəbul üçün daxili imtahan 11 avqust tarixində keçiriləcək. İmtahan nəticələri isə 15 avqust tarixində elan ediləcək.

Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər