Bakı Mühəndislik Universitetində (BMU) Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda təlim keçirilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Mikayıl Zeynalov nəzəri və praktiki hissədən ibarət olan təlimin mahiyyəti, mövzunun aktuallığı və mülki müdafiə üzrə maarifləndirmənin vacibliyindən danışıb.
FHN Sumqayıt Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, polkovnik-leytenant Emil Əliyev təmsil etdiyi qurum ilə BMU arasında razılaşdırılmış tədbirlər planına əsasən gerçəkləşdirilən silsilə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. Şöbə rəisi bildirib ki, bu qəbildən olan təlimlər BMU əməkdaşlarının fövqəladə hallar zamanı düzgün davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması məqsədi daşıyır.
FHN Sumqayıt Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini, kapitan Hafiz Sadıqov mülki müdafiə anlayışı, təşkil edilmə prinsipləri və bu sahə üzrə qanunvericilik aktları ilə bağlı ətraflı məlumat verib. Mülki müdafiə işinin təşkilinin dövlətin prioritetləri sırasında yer aldığını deyən rəis müavini mülki müdafiə tədbirlərinin ölkəmizin bütün ərazisində təşkil olunduğunu diqqətə çatdırıb.
Maarifləndirici videoçarxın nümayişindən sonra FHN Sumqayıt Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti Tural Vəlizadə fərdi mühafizə vasitələri, kəşfiyyat və dozimetrik nəzarət cihazları, xilasetmə texnikası və avadanlıqarı barədə zəruri informasiyaları təqdim edib.
Sonra təlim universitetin həyətində praktiki hissə ilə davam edib. FHN-nin adıçəkilən mərkəzinin Xilasetmə Növbəsinin baş çavuşu Əlmas Abbasov və baş xilasedicisi, gizir Elçin Məhəmmədkərimov fövqəladə hallar zamanı istifadə olunan alət və avadanlıqları nümayiş etdirərək, onların təyinatı və istifadə qaydalarına aydınlıq gətiriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi