“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən Bakı Mühəndislik Universitetində tədbir keçirilib. Yubiley tədbirində universitetin tələbə-müəllim heyəti ilə yanaşı Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu və institutun əməkdaşları iştirak edib.
İlk öncə tədbir iştirakçıları universitetin foyesində İmadəddin Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgini ziyarət ediblər. Daha sonra tədbirdə şairin həyat və yaradıcılığından bəhs edən video-çarx nümayiş olunub.
BMU–nun rektoru professor Havar Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə respublikamızın hər yerində yüksək səviyyəli tədbirlər keçirildiyini diqqətə çatdırıb. Rektor gənclərin xalqımızın tarixi şəxsiyyətlərini yaxından tanıması baxımından ali təhsil müəssisələrində belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, sovet dövründə Nəsiminin 600-illik yubleyinin keçirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Bu gün ölkə başçısı İlham Əliyev əsası ulu öndər tərəfindən qoyulan xalqımızın dilinə, mədəniyyətinə və dahi şəxsiyyətlərinə olan diqqət və qayğını davam etdirir.
Daha sonra çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu hər bir xalqın dünyada tarixi şəxsiyyətləri ilə tanındığını, xalqımızı dünyada tanıdanlardan birinin də Nəsimi olduğunu qeyd edib. İmadəddin Nəsiminin həyat və yaradıcılığından geniş danışan və nümunələr göstərən akademik onun dilimizi əsərlərində yüksək səviyyəyə qaldırdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin bədii hissəsində universitet tələbələrinin ifasında Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş olunub.