Bakı Mühəndislik Universitetində (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzi, İqtisadiyyat və idarəetmə fakültəsinin birgə təşkilatçılığı ilə tələbələr üçün təlim, həmçinin dünyanın bir sıra nüfuzlu şirkətlərindən müsbət rəy almış “B4B: Biznesdən Biznesə” adlı kitabın təqdimatı keçirilib.
Açılış nitqi ilə çıxış edən fakültənin dekan müavini Zamin Babaşov biznes idarəedilməsinə yeni yanaşma baxımından tədbirin əhəmiyyətini vurğulayıb. Eyni zamanda Stokholm İqtisadiyyat Məktəbinin məzunu, 25 ildən artıq idarəetmə təcrübəsinə malik menecer, sahibkar Abbas Abbasovun təliminin və hazırladığı “B4B: Biznesdən Biznesə” kitabının tədbir iştirakçıları üçün faydalı olacağına əminliyini bildirib.
Sonra təlimçi Abbas Abbasov biznesdə yeni ideyalar, innovativ imkanlar haqqında geniş məlumat verib. O, habelə həmkarı, biznes-məsləhətçi Vladimir Klimovla birgə yazdığı “B4B: Biznesdən Biznesə” kitabında əhatə etdiyi mövzulara geniş toxunaraq dünyada aparıcı şirkətlərin davamlı rəqabət üstünlüyünə necə nail olması yollarını diqqətə çatdırıb. Bildirib ki, təqdim olunan kitabda nüfuzlu qlobal şirkətlərin fenomenal uğuru, tətbiq etdikləri B4B konsepsiyasının sirləri araşdırılıb, onların biznesdə rəqabəti necə bacarmaları ilə bağlı suallara cavab tapılıb.
“NAR” şirkətinin dəstəyi ilə kitabın Azərbaycan dilinə tərcümə olunduğunu vurğulayan A.Abbasov nəşrdən tələbələrin gələcəkdə biznesin idarəedilməsi, strategiyanın qurulması, məhsulun inkişafı, satışı və marketinqi istiqamətində innovativ imkanlar, maraqlı praktiki alətlər əldə edə biləcəyini söyləyib.
Sonda müəllif tərəfindən tədbir iştirakçılarına və BMU kitabxanasına ümumilikdə 60 kitab hədiyyə edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi