Bakı Mühəndislik Universitetində (BMU) “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi məlumatlandırma sessiyası keçirilib.
Tədbirdə birliyin əməkdaşı Leyla Zeynalova qurumun yaranma tarixi, əsas məqsədi, əhatə dairəsi barədə ətraflı məlumat verib.
Bildirilib ki, 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən yaradılan "Bir" tələbə-könüllü proqramı ötən dövrdə daha da genişlənib. Könüllülük fəaliyyətini stimullaşdırmaq, tələbələrin dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsi üçün (6 müxtəlif istiqamətdə: Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et, Zövq Al) yaradılmış uzunmüddətli proqram cari tədris ilində 26 ali, 18 orta, 10 peşə təhsil müəssisəsini əhatə edib. 27000-dən çox üzvə sahib olan proqram Qarabağ bölgəsində də aktiv fəaliyyətə malikdir. Belə ki, Şuşa və Ağdamda tədbirlərin təşkilinə və yenidən bərpasına dəstək məqsədi ilə 100-ə yaxın tələbə-könüllü cəlb olunub.
Sonra “Bir könüllü” təşkilatının BMU üzrə koordinatorları - İlkin Quluzadə, Bəliqız Nurməmmədova, Nəcibə Əlimirzə çıxış edib. Çıxışlarda birliyin fəaliyyəti ərzində bir çox yeniliklərə və uğurlara imza atıldığı vurğulanıb.
“Bir könüllü”lərin 10 tələbəsi tədbir çərçivəsində keçirilən yarışmalarda iştirak edib və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması və qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə olunması ilə sona yetib.
İctimaiyyətlə əlaqələr şöbəsi