Bakı Mühəndislik Universitetində (BMU) “Azərikimya” İstehsalat Birliyinin (İB) nümayəndələri ilə ödənişli istehsalat təcrübə proqramına həsr olunan görüş keçirilib. Tədbir BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamenti və Təcrübə şöbəsinin təşkilatçılığı ilə baş tutub.
Görüşdə BMU-nun Təcrübə şöbəsinin müdiri Həzi Qasımov, Memarlıq və inşaat fakültəsinin dekanı, dosent Afər Əlifov, Kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayev, Avtomatika və elektroenergetika kafedrasının dosenti Nəcəf Orucov, Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Gülçöhrə İbrahimova, “Azərikimya” İB-nin İnsan resursları şöbəsinin rəisi Mirvari Abdurahmanova, “Etilen-Polietilen” zavodunun direktor müavini Nafiq Beydullayev iştirak ediblər.
“Azərikimya” İB-nin nümayəndələri SOCAR-ın tərkibindəki müəssisə və təşkilatlarda tələb olunan ixtisaslara uyğun həyata keçiriləcək 2 aylıq ödənişli istehsalat təcrübə proqramı haqqında ətraflı məlumat veriblər.
Qeyd edilib ki, təcrübə proqramına tələb olunan ixtisaslar üzrə bakalavr pilləsində təhsilini bitirmiş məzunlar, həmçinin magistratura pilləsində təhsilini davam etdirən BMU tələbələri müraciət edə bilər. Təcrübəyə seçimin müsabiqə əsasında aparıldığı və 2 mərhələdən ibarət olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bununla yanaşı, ödənişli istehsalat təcrübəsi keçən gənclərə 250 AZN məbləğində ödəniş veriləcəyi də vurğulanıb.
H.Qasımov BMU tələbələri və məzunları üçün belə bir şərait yaratdıqlarına qurumun nümayəndələrinə minnətdarlığını ifadə edib.
Görüşdə BMU ilə “Azərikimya” İB arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub və geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ödənişli istehsalat təcrübə proqramı haqqında ətraflı məlumatı linkə daxil olaraq əldə etmək olar.
İctimaiyyətlə əlaqələr şöbəsi