BMU-da Azərbaycanın innovativ inkişafında mühəndisliyin roluna həsr olunan beynəlxalq konfrans keçirilir

29 Noyabr 2019
BMU-da Azərbaycanın innovativ inkişafında mühəndisliyin roluna həsr olunan beynəlxalq konfrans keçirilir

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “Azərbaycanın innovativ inkişafında mühəndisliyin rolu: hədəflər və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfrans işə başlayıb. Konfransda beynəlxalq ekspertlər, dövlət və özəl sektorun, ali məktəblərin, həmçinin AMEA-nın müvafiq qurumlarının nümayəndələri iştirak edir.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə BMU-nun rektoru, professor Havar Məmmədov açılış nitqi ilə çıxış edib. Rektor ölkəmizin elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirən BMU-nun yaranma tarixinə qısa nəzər salıb. Universitetin Azərbaycan Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən yaradıldığını diqqətə çatdıran H.Məmmədov qısa müddət ərzində BMU-nun 7 beynəlxalq konfransa ev sahibliyi etdiyini, bu konfranslara 20-dən artıq ölkədən 2000-ə yaxın tədqiqatçının qatıldığını vurğulayıb.

H.Məmmədov beynəlxalq konfransın Azərbaycanın innovativ inkişafında mühəndisliyin rolu mövzusuna həsr olunmasının təsadüfi olmadığını söyləyib. “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2019-cu il tarixli Sərəncamına toxunan rektor bildirib ki, sərəncama əsasən, ali təhsil müəssisələri də ölkənin innovativ inkişafına öz töhfəsini verməlidir.

Rektor qeyd edib ki, dünyada olduğu kimi ölkəmizdə də mühəndislik və digər elmi sahələrin sürətlə dəyişməsi və inkişaf etməsi ilə əlaqədar yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal, idarəetmə sahələrinə tətbiq edilməsi zərurəti yaranır. O, Azərbaycanın iqtisadi inkişafında innovasiyanın əhəmiyyətini və mühəndislik elmlərinin vacibliyini önə çəkmək, innovativ idarəetmədə resurslardan optimal istifadə etməklə strateji planlara effektiv və səmərəli şəkildə nail olmaq baxımından konfransın son dərəcə əhəmiyyətli olduğunu nəzərə çatdırıb. H.Məmmədov, həmçinin 5-ci sənaye inqilabına çağırışlar çərçivəsində mühəndislik ixtisaslarında mövcud vəziyyət və gələcək  tendensiyaları müzakirə etmək məqsədi ilə keçirilən konfransın mühüm nəticələr əldə edəcəyini bildirib.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev çıxışında BMU-da bütün ixtisaslar üzrə, o cümlədən innovativ inkişaf üçün mühəndis kadrlarının yetişdirilməsi istiqamətində mühüm işlər görüldüyünü bildirib və bu işlərin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib. Professor “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf  Konsepsiyası, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na da toxunub və bu sənədlər çərçivəsində qarşıda duran əsas vəzifələrdən bəhs edib.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov sənaye parklarının yaranması və hədəfləri, görülən işlər haqqında ətraflı məlumat verib. O, istehsal müəssisəsinin layihələndirilməsində, məhsulun istehsal olunmasında mühəndislik ixtisasının rolu haqqında danışıb, BMU ilə sənaye parkının əməkdaşlığının əsas istiqamətlərini diqqətə çatdırıb.

Plenar iclasda “Sənaye 4.0 İnqilabının dünyada və ölkəmizdə rolu”, “Комплексные методы исследования структуры и усовершенствование технологии получения качественных пленок SE95AS5, содержащих примеси EUF3”,  “Symmetrical calculation method of the hydrodynamic journal bearings” mövzularında məruzələr dinlənilib.

Konfrans “Kimya mühəndisliyi”, “Kompüter elmləri”, “Təbiət elmləri və mühəndisliyin inteqrasiyası”, “Mexanika mühəndisliyi və fizika”, “Ətraf mühit və ətraf mühitin mühafizəsi”, “Proseslərin avtomatlaşdırılması-elektroenergetika”, “İqtisadiyyat”, “Memarlıq və inşaat” adlı 8 bölmə üzrə işini davam etdirir.

Qeyd edək ki, konfransa 10-dan çox ölkədən 250-ə yaxın məqalə və tezis göndərilib, onlardan 135 məruzə elmi heyətin qərarı ilə konfransın proqramına daxil edilib. Bununla yanaşı, Azərbaycanın 30-a yaxın ali təhsil müəssisəsi  və AMEA-nın  elmi-tədqiqat institutlarının, həmçinin Ukrayna, Türkiyə, Portuqaliya və digər ölkələrin elm adamları öz tədqiqatlarını göndərib.

Konfransa təqdim olunan və təşkilat komitəsi tərəfindən seçilən işlər toplu şəklində nəşr edilib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər