BMU-da Abşeron Rayon Polis İdarəsi ilə birgə maarifəndirici tədbir keçirilib

28 Aprel 2022
BMU-da Abşeron Rayon Polis İdarəsi ilə birgə maarifəndirici tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Abşeron Rayon Polis İdarəsinin təşkilatçılığı və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikahların fəsadları”, “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə tədbirin əhəmiyyətini önə çəkərək narkomaniyanı, erkən nikahı, eləcə də dini radikalizmi müasir dövrümüzün ağrılı və acınacaqlı problemləri kimi xarakterizə edib.

Azərbaycanda bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verən Bayram Hüseynzadə narkomaniya ilə dövlət səviyyəsində mübarizə aparıldığını, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən 1996-cı il 26 avqust tarixli Fərman imzalandığını diqqətə çatdırıb. Prorektor çıxışının sonunda gəncləri zərərli vərdişlərdən uzaq durmağa səsləyib.

Abşeron Rayon Ağsaqqallar şurasının sədri Nadir Ağayev hər bir gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsilin də önəmli yer tutduğunu söyləyib. Gənclərin rolunu xüsusi vurğulayan sədr çıxışında ulu öndər Heydər Əliyevin “Gənclər bizim gələcəyimizdir” fikrini xatırladıb. O, tədbirin vacib mövzulara həsr olunduğunu deyib, gəncləri bu bəlalardan uzaq durmağa çağırıb və öz tövsiyələrini verib.

Abşeron Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru Elbrus Əhmədov tədbirin təşkilin olunmasında verdiyi dəstəyə görə BMU-nun rəhbərliyinə minnətdarlığını ifadə edib. Bildirib ki, təhsil müəssisələrində narkomaniya, erkən nikah və dini radikalizm mövzularında tədbirlərin keçirilməsində məqsəd gəncləri, yetkinlik yaşına çatmayanları zərərli vərdişlərdən, narkomaniyadan uzaq durmaqda onlara yardımçı olmaq, həmçinin polis-vətəndaş və polis-məktəb əlaqələrini daha da gücləndirməkdir. Bu istiqamətdə Abşeron rayonu ərazisində yerləşən təhsil ocaqlarında silsilə təbliğat tədbirlərinin gerçəkləşdiyini deyən E.Əhmədov maarifləndirmə işlərinin daha da genişləndirilməli olduğunu söyləyib.

E.Əhmədov məruzəsində Prezident cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın uğurla icra olunduğunu vurğulayıb.

Polis mayoru ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini bildirib.

Abşeron Rayon Gənclər və idman idarəsinin rəisi Əsgər Əmrəliyev dünya dövlətlərinin narkomaniya ilə mübarizə aparmaqlarına baxmayaraq, bu bəlanın sürətlə yayıldığını önə çəkib. Hər bir gəncin sağlamlığının dövlətimiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan idarə rəisi gənclərə daima dövlət tərəfindən diqqət və qayğı göstərildiyini fikirlərinə əlavə edib. Nəzərə çatdırıb ki, gənclərin sağlam ruhda tərbiyə olunması məqsədilə dövlət tərəfindən regionlarda Olimpiya İdman Kompleksləri inşa edilib, idman mərkəzləri, stadionlar istifadəyə verilib.  O, gəncləri zərərli vərdişlərdən uzaq durmağa və idmanla məşğul olmağa səsləyib.

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Məmmədov gənclər arasında narkotik maddələrin yayılmasında vasitəçilik edənlərin, ondan istifadə və alqı-satqısı ilə məşğul olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını təmin etmək məqsədilə həyata keçirilən əməliyyat tədbirlərindən danışıb. Polis mayoru edilən müraciətlərə, sosial şəbəkələr üzərindən yazılan məlumatlara dərhal reaksiya verildiyini bildirib.

Erkən nikahların fəsadlarından danışan Abşeron Rayon Polis İdarəsinin rəis köməkçisi, polis polkovnik-leytenant Yaşar Məmmədov bu mövzunun sosial problem kimi bütün dünyada aktuallıq kəsb etdiyini deyib. Y.Məmmədov bildirib ki, araşdırmalara əsasən erkən nikah bəzən qızların öz istəkləri, bəzi hallarda valideynlərin təzyiqi, digər hallarda isə ailədə maddi vəziyyətin çətin olması və s. səbəblərdən baş verir. O, dünya təcrübəsinə nəzər saldıqda bu problemin, xüsusilə müsəlman ölkələrində qabarıq şəkildə nəzərə çarpdığını vurğulayıb.

Yeniyetmələrin hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində müxtəlif maarifləndirici tədbirlərin keçirildiyini bildirən polkovnik-leytenant sosial-psixoloji dəstəyə ehtiyacı olan qızlara diqqət yetirildiyini, qızların təhsilə cəlb olunması ilə bağlı dövlət müəssisələrində müvafiq təlimlərin təşkil olunduğunu söyləyib.

Sonra BMU-nun Ümumi fənlər kafedrasının müdiri, dosent Bilal Dədəyev “Dini radikalizm” mövzusunda məruzə ilə çıxış edib. B.Dədəyev məruzəsində dini savadsızlıq, psixoloji və sosial problemlər, işsizlik və yoxsulluq, məqsədyönlü təbliğat, sosial şəbəkələrdən düzgün məqsədlə istifadə etməmək və s. kimi amillərin dini radikalizmə yol açdığına toxunub.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Bəşirov, Abşeron Rayon Təhsil Şöbəsinin müdir əvəzi Pərviz Əhmədov, Abşeron Rayon Xəstəxanasının həkimləri - Vəfa İsgəndərli və Pərvanə Əliyeva, Saray Polis Bölməsinin inspektoru Gülnar Həsənova iştirak edib.

Toplantının sonunda narkomaniyanın zərərlərindən bəhs edən “Narkomaniyaya “Yox” deyək!” adlı videoçarx nümayiş olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər