Bakı Mühəndislik Universitetində (BMU) 44 günlük Vətən müharibəsi zəfərinə həsr edilmiş “44 günün qəhrəmanları” layihəsi çərçivəsində qazilərlə görüş keçirilib.
Tədbir Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Böyük Qayıdış İctimai Birliyinin təşkilatçılığı və BMU-nun tərəfdaşlığı ilə baş tutub.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş 44 günlük hərbi əməliyyatların Azərbaycan tarixinə Vətən müharibəsi kimi əbədi həkk olunduğunu deyib. 44 günə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdiyini vurğulayan rektor bildirib ki, məhz milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi.
Havar Məmmədov Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda igidlik və şücaət nümayiş etdirmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş hərbi qulluqçuların Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, müxtəlif orden və medallarla təltif olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rektor bildirib ki, bu təltiflər Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların xidmətlərinin cənab Prezident tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqi olmaqla yanaşı, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan xalqı və dövlətinin hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək dəyərləndirdiyini, şəhidlərin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduğunu söyləyən Havar Məmmədov ölkəmizin ərazi bütövlüyü uğrunda müharibədə misilsiz qəhrəmanlıq nümunələri yaratmış əsgər və zabitlərimizə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini bildirib.
Havar Məmmədov 44 günlük Zəfər tariximizin növbəti ildönümünü yaşadığımız bu günlərdə müharibənin gedişi zamanı Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmənin xalqımızın iradəsini sarsıtmaq məqsədilə günahsız mülki insanları hədəfə alıb törətdiyi müharibə cinayətlərini də xatırladıb.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətindən söz açan rektor onlara hər zaman Vətənə bağlı olmaqlarını tövsiyə edib.
Azad olmuş torpaqlardakı aparılan böyük quruculuq işlərinə də toxunan Havar Məmmədov çıxışının sonunda tədbirdə iştirak edən qazilərə minnətdarlığını bildirib, onlara ən xoş arzularını çatdırıb.
ATGTİ-nin sədri Pərviz Mirələmli çıxışında Azərbaycan xalqının ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdiyini, ordumuzun düşmənə sarsıdıcı zərbələr endirərək tarixi Qələbəyə imza atıldığını qeyd edib.
Sonra 44 günlük Vətən müharibəsi kadrlarını özündə əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra qazilərimiz - Vüsal Nəsirov, Ruslan Rəhimov, Vüqar Məmmədov və Mövsüm İskəndərov çıxış ediblər. Onlar keçdikləri döyüş yolundan ətraflı bəhs ediblər, eyni zamanda müharibə ilə bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Sonda BMU Tələbə Gənclər Təşkilatının (TGT) Pedaqoji fakültə üzrə sədr müavini Şəfiqəxanım Nəcəfova və BMU TGT-nin sədri Ləman Şərifova çıxış ediblər. Çıxışlarda ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərin, informasiya müharibəsində iştirak edən gənclərin, arxa cəbhədə çalışan mülki insanların, vətəndaşların milli həmrəylik nümayiş etdirməsi və düşmənə sarsıdıcı zərbələr endirilməsi vurğulanıb.
Tədbir tələbələri maraqlandıran sualların qazilər tərəfindən cavablandırılması ilə sona yetib.
İctimaiyyətlə əlaqələr şöbəsi