Bakı Mühəndislik Universitetində (BMU) “28 May - Müstəqillik Günü” mövzusunda seminar təşkil olunub.
Seminarda Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olan müasir ölkəmizdə dövlət quruculuğu yönündə aparılan məqsədyönlü fəaliyyətdən danışıb. Kafedra müdiri müstəqilliyin əbədiliyinin təmin edilməsi, qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri, həmçinin Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlətçilik ənənələri haqda fikirlərini seminar iştirakçıları ilə paylaşıb.
Mövzu ilə bağlı məruzə ilə çıxış edən kafedranın dosenti Xaqan Balayev 1918-ci il mayın 28-də AXC Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsinin imzalanması ilə müstəqilliyimizin dünyaya bəyan edildiyini xatırladıb və Bəyannamənin əsas müddəalarını nəzərə çatdırıb. Natiq çıxışında cəmi 23 ay yaşamasına baxmayaraq, əksər sahələri əhatə edən islahatların keçirilməsinə müvəffəq olmuş AXC-nin üç əsas dövrünü-Tiflis dövrü (28 may-16 iyun), Gəncə dövrü (16 iyun-17 sentyabr) və Bakı dövrünü (17 sentyabr-28 aprel) əhatəli şəkildə səciyyələndirib, bu dövrlərdə milli dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər haqda geniş məlumat verib.
Seminar mövzu ilə bağlı sualların cavablandırılması ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi