Bakı Mühəndislik Universitetində (BMU) 27 sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.
Öncə Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizin, həmçinin Ermənistan silahlı qüvvələrinin şəhərlərimizi, kəndlərimizi atəşə tutması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BMU-nun rektoru, professor Havar Məmmədov ölkə Prezidentinin Anım Gününün təsis edilməsi haqqında 2 dekabr 2020-ci il tarixli Sərəncamından bəhs edib. Bu addımın şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu vurğulayan rektor bildirib ki, Azərbaycan xalqı və dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Havar Məmmədov xatırladıb ki, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixində ölkəmizə qarşı genişmiqyaslı təxribatına cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanılıb. Müharibə zamanı Azərbaycan xalqının dünya tarixində misli görünməmiş, birlik, həmrəylik və fədakarlıq göstərərək Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdiyini, düşmənə sarsıdıcı zərbələr endirildiyini önə çəkən rektor milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücünün düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdiyini bildirib.
Rektor çıxışında müharibənin gedişində Azərbaycan Ordusunun zəfər yürüşünə duruş gətirə bilməyən düşmənin xalqımızın iradəsini sarsıtmaq məqsədilə günahsız mülki insanları hədəfə alaraq müharibə cinayətləri törətdiyinə toxunub və bunun nəticəsində 100-ə yaxın mülki şəxsin, onların arasında uşaqların, qadınların həlak olduğunu, 400-dən çox mülki şəxsin yaralandığını, 5 mindən çox evin dağıdıldığını, ziyan çəkdiyini diqqətə çatdırıb. Azərbaycanın şəhərlərinin ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulduğunu fikirlərinə əlavə edən Havar Məmmədov bildirib ki, düşmənin müharibə cinayətləri xalqımızın əzmini, iradəsini qıra bilmədi. Əzəli torpaqlarımız qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edildi, Müzəffər Azərbaycan Ordusu şanlı tarix yazdı.
Rektor azad edilmiş ərazilərdə bərpa etmək, dirçəltmək istiqamətində aparılan böyük quruculuq işlərindən də danışıb. Çıxışının sonunda bu gün Ermənistanın revanşist ünsürlərinin qarşısında Azərbaycanın dəmir yumruğunun dayandığını deyən rektor bildirib ki, cənab Prezidentimizin vurğuladığı kimi bundan sonra biz qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq, qürurla yaşayacağıq. Öz gələcəyimizi özümüz quracağıq, azad edilmiş torpaqları bərpa edəcəyik. Şəhidlərimizin xatirəsini daim qəlbimizdə yaşadacağıq!
Tədbirdə çıxış edən BMU-nun Ümumi fənlər kafedrasının müdiri, dosent Bilal Dədəyev müharibənin başlanması, gedişatı və nəticələrindən ətraflı bəhs edib. O qeyd edib ki, ordumuz cəbhədə qazandıqları nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə endirdikləri sarsıdıcı zərbələrlə, azad etdikləri ərazilərlə bütün dünyaya Azərbaycanın qüdrətini və gücünü bir daha nümayiş etdirib.
BMU Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ləman Şərifova isə çıxışında Azərbaycanın təkbaşına öz ərazi bütövlüyünü bərpa etdiyini və güclü dövlət kimi potensialını bütün dünyaya göstərdiyini diqqətə çatdırıb. O, vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərin, arxa cəbhədə çalışan mülki insanların, informasiya müharibəsində iştirak edən gənclərin, vətəndaşların bütövlükdə əzm və iradə, eləcə də milli həmrəylik nümayiş etdirirək düşmənə sarsıdıcı zərbələr endirdiyini vurğulayıb.
Digər çıxışcı BMU-nun Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev 27 sentyabr – Anım Gününün milli qürurumuzun başlanğıc günü olduğunu bildirib. O, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb.
İctimaiyyətlə əlaqələr şöbəsi