Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan sərgi təşkil edilib.
Sərgidə tarixi faktları özündə əks etdirən sənədlər, kitablar, fotolar və BMU tələbələrinin əl işlərindən ibarət rəsm əsərləri nümayiş etdirilib.
20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilib. Milli azadlıq uğrunda mübarizəyə qalxmış günahsız insanlara qarşı silahlı təcavüz nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili tibbi yardım və milis işçiləri olub.
Faciədən dərhal sonra ümummilli lider Heydər Əliyev yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etiraz səsini ucaldıb, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb edib.
20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin verilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ölkəmizdə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərilir.
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır. Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi