Bakı Mühəndislik Universiteti (BMU) və Yeni Azərbaycan Partiyası BMU İlk Ərazi Təşkilatının birgə təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etdiyini elan etsə də, hakimiyyətdə olan şəxslərin səriştəsizliyi nəticəsində yaranmış siyasi böhran, daxili və xarici pozucu qüvvələrin dövlətin əsaslarının sarsıdılmasına yönəlmiş məqsədyönlü fəaliyyəti ölkənin varlığını sual altına qoymuşdu. Tarixi faktlara toxunan rektor əlavə edib ki, digər tərəfdən Ermənistanın təcavüzü və torpaqların işğalı ölkədə vəziyyəti daha da gərginləşdirmişdi.
Havar Məmmədov bildirib ki, məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdi və xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, həmin il oktyabrın 3-də isə ölkə Prezidenti seçildi. Bundan sonra Ümummilli Liderin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyini təhdid edən proseslərin qarşısı qətiyyətlə alındı, Ermənistanla atəşkəsə nail olundu, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, liberal iqtisadiyyatın formalaşdırılmasına başlanıldı, yeni neft strategiyası reallaşdırıldı. Ulu Öndərin Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası istiqamətində atdığı addımları nəzərə çatdıran rektor vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Heydər Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərini təşkil edib. Heydər Əliyev siyasətinin ötən 17 il ərzində Prezident cənab İlham Əliyev tərəfindən bütün sferalarda yeni dövrün çağırışlarına uyğun davam etdirildiyini, hər sahədə böyük uğurlar qazanıldığını bildirən Havar Məmmədov, ötən il Ulu Öndərin daha bir vəsiyyətinin həyata keçdiyini, əzəli torpağımız olan Qarabağın 44 günlük müharibə nəticəsində düşmən tapdağından azad edildiyini xüsusi vurğulayıb. Rektor bildirib ki, Qarabağı işğaldan azad etməsi ilə xalqımızın 30 illik torpaq həsrətinə son qoyan, tarixi ədaləti bərpa edən Müzəffər Ali Baş Komandanımızın necə güclü diplomat və sərkərdə olduğunu bütün dünya bir daha əyani şəkildə gördü.
Rektor diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində Azərbaycanın milli inkişaf strategiyası reallaşdırılıb, böyük zəhmət hesabına müstəqilliyimiz əbədi və dönməz forma alıb. Havar Məmmədov həmin dövrdə baş verən hadisələrin ətraflı, olduğu kimi yeni formalaşan gənc nəslə çatdırılması istiqamətində görülən işlərin daha da intensivləşdirilməsinin vacibliyini qeyd edib.
Millət vəkili, professor Anar İsgəndərov Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda baş verən hadisələri və faktları xronoloji ardıcıllıqla vurğulayıb. O, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə onun böyük xidmətlərindən və uğurlarından geniş bəhs edib. Bildirib ki, qısa müddət ərzində ölkəmizin aqrar ölkədən sənaye aqrar ölkəsinə çevrilməsində, Cəmşid Naxçivanski adına Hərbi Məktəbin açılmasında, minlərlə Azərbaycan gəncinin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilməsində Heydər Əliyevin rolu danılmazdır.
Çıxışında millət vəkili 20 yanvar faciəsi və Xocalı soyqırımına Ulu Öndər tərəfindən siyasi qiymət verildiyini bildirib. Qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi dövründə ölkə daxilində sabitliyə nail olunub, dövlət çevrilişlərinin qarşısını alınıb, təcavüzkar Ermənistanla atəşkəs əldə edilib, “Əsrin müqaviləsi” imzalanıb, həmçinin qonşu dövlətlərlə balanslaşdırılmış siyasətin əsası qoyulub. Bununla yanaşı, Azərbaycanın iqtisadi inkişafının təməl prinsipləri də yaranıb.
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev Ulu öndər Heydər Əliyevin zəngin fəaliyyətindən, eyni zamanda Azərbaycanın müstəqillik qazanması və inkişafı uğrunda gördüyü işlərdən danışıb. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alındığını vurğulayan B.Vəliyev Heydər Əliyev ideyalarını bu gün layiqincə davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunmasında həyata keçirdiyi işləri də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İctimaiyyətlə əlaqələr şöbəsi