Bakı Mühəndislik Universitetində (BMU) 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) Xırdalan şəhər 40 saylı ərazi təşkilatı ilə birgə gerçəkləşdirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himninin səsləndirilməsinin ardınca “Milli qurtuluşdan intibaha” adlı videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev dünya azərbaycanlıları üçün böyük siyasi, ictimai, tarixi əhəmiyyətə malik 15 İyun-Milli Qurtuluş Gününü meydana çıxaran hadisələrə toxunub. Bildirib ki, 1993-cü ildə ölkədə yaşanan siyasi hakimiyyət böhranı, vətəndaş müharibəsi təhlükəsi Azərbaycanın müstəqilliyini ciddi təhdid edir, Ermənistanın torpaqlarımıza təcavüzünün coğrafiyasını genişləndirir, xalqın müstəqillik məfkurəsinə qəsd etmək istəyənlərin əlinə kobud fürsətlər verirdi. Rektor vurğulayıb ki, o zamankı hakimiyyətin siyasi naşılığı ucbatından çətin imtahan qarşısında qalan Azərbaycanı xaosdan çıxarmağın tək yolu dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunmasında idi.
Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya və siyasi rəhbərliyə qayıdışının prosesləri çevik şəkildə dəyişdiyini, həmçinin ölkənin siyasi, sosial-iqtisadi həyatında keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyduğunu xatırladan Yaqub Piriyev bildirib ki, aparılan islahatlarla suverenlik, dövlətçilik, ədalət, milli yüksəliş, dünyəvi dövlət, liberal iqtisadiyyat kimi ümumbəşəri dəyərləri təmin edən milli ideologiya formalaşdırıldı. Görkəmli dövlət xadimi müstəqil hüquqi dövlətin əsaslarını yaratdı, insan hüquq və azadlıqlarına söykənən vətəndaş cəmiyyəti quruculuğunu gerçəkləşdirdi. Heydər Əliyev amili tezliklə böyük iqtisadi layihələrin qarşısındakı maneələri də aradan qaldırdı. Dünyanın nüfuzlu neft şirkətləri ilə kontraktlar imzalandı, nəhəng enerji dəhlizləri yaratmaq üçün birgə siyasi iradə ortaya qoyuldu. Rektor deyib ki, Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin etibarlı zəmanəti oldu, ölkəmizin dünya iqtisadi məkanına inteqrasiyasını təmin etdi.
Yaqub Piriyev Prezident cənab İlham Əliyevin Azərbaycanı Heydər Əliyevin müəyyənləşdirdiyi təməllər üzərində inkişaf etdirdiyini önə çəkərək, Ümummilli Liderin ən böyük hədəflərindən biri olan Qarabağın azadlığının, ölkəmizin ərazi bütövlüyünün bərpasının gerçəkləşdirildiyini qürurla dilə gətirib. Əlavə edib ki, dövlət başçısı İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan ordusunun və xalqının möhtəşəm zəfərə imza atması Heydər Əliyevin itirilmiş torpaqlara qayıtmaqla bağlı uzaqgörənliklə söylədiyi fikirlərinin real təntənəsi idi. Rektor bu mənada xüsusi vurğulayıb ki, Milli Qurtuluş Günü xalqımızın hafizəsində həm də Azərbaycanın zəfərlərinin başlanğıc günü kimi qalacaq.
Tədbirdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında Milli Qurtuluş Gününü dövlətçilik tariximizin şanlı səhifəsi adlandırıb. Ulu Öndərin xalqımız, dövlətimiz qarşısında tarixi xidmətlərindən danışan icra başçısı söyləyib ki, ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və möhkəmlənməsində Heydər Əliyev amili mühüm rola malik olub.
Abdin Fərzəliyev 44 günlük Vətən müharibəsində qazanılan qələbədən də danışaraq, Prezident cənab İlham Əliyevin cəsarətli qərarları, yaratdığı güclü ordu sayəsində Ümummilli Liderin Qarabağla bağlı arzularının gerçəkləşdiyini vurğulayıb. Torpaqların azadlığı uğrunda döyüşən igid vətən övladlarına hər zaman borclu olduğumuzu qeyd edən icra başçısı qazilərə, şəhid ailələrinə göstərilən dövlət qayğısını da diqqətə çatdırıb.
Sonra çıxış edən YAP Xırdalan şəhər 40 saylı ərazi təşkilatının sədri Bayram Hüseynzadə görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycanı təhlükələrdən qorumasından danışıb. Vurğulayıb ki, Azərbaycanda anarxiyanın aradan qaldırılması, silahlı dəstələrin zərərsizləşdirilməsi, ölkədə ictimai-siyasi sabitliyin biryolluq bərpa edilməsi, respublikanın davamlı inkişafı böyük lider Heydər Əliyevin misilsiz xidmətləridir və təcrübəli siyasətçinin fenomenal şəxsiyyət olduğunu parlaq ifadə edir.
BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova isə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanı savadlı, vətənpərvər gənclərə əmanət etdiyini xatırladaraq, müasir nəsillərin bu əmanəti layiqli şəkildə qoruduğunu, bundan sonra da qorumağa hazır olacağını bildirib.
Tədbirin sonunda YAP üzvlüyünə yeni müraciət edən gənclərin bir qisminə üzvlük vəsiqələri təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi