Bakı Mühəndislik Universiteti (BMU) “Teledərs” layihəsi çərçivəsində cari semestr üçün son dərsləri təqdim edib. Universitetin saytında (www.beu.edu.az) yaradılan “Teledərs” bölməsinə Avtomatika və elektroenergetika ixtisası, həmçinin Biznesin idarə edilməsi və Maliyyə ixtisasları üzrə ümumilikdə 4 nəzəri dərs yerləşdirilib.
BMU-nun cari tədris ilinin oktyabr ayından start verdiyi “Teledərs” layihəsi çərçivəsində semestr ərzində ümumi olaraq 43 teledərs (21-i laboratoriya dərsi, 22-si nəzəri dərs) yayımlanıb. Dərslər Pedaqoji fakültənin Kimya müəllimliyi, Biologiya müəllimliyi və Fizika müəllimliyi ixtisasları üzrə, Memarlıq və inşaat fakültəsinin Kimya mühəndisliyi ixtisası üzrə, Mühəndislik fakültəsinin Mexanika mühəndisliyi, həmçinin Avtomatika və elektroenergetika mühəndisliyi ixtisasları üzrə, İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə, Dünya iqtisadiyyatı və Biznesin idarə edilməsi ixtisasları üzrə tədris olunan fənləri əhatə edib.
Vurğulamaq lazımdır ki, BMU-da tədrisin 70 faizinin ingilis dilində olması nəzərə alınaraq teledərslər həmin dildə yayımlanıb və bu, tələbələrin dil bacarıqlarının inkişafına öz müsbət təsirini göstərir.
12-ci həftədir həyata keçirilən layihə çərçivəsində hazırlanan dərsləri https://beu.edu.az/az/page/teleders-190/ linkinə daxil olaraq istənilən zaman izləmək mümkündür. Teledərslərdən BMU tələbələri ilə yanaşı, eyni ixtisaslar üzrə təhsil alan digər universitet tələbələri yararlana bilər.
“Teledərs” layihəsinin əsas məqsədi mövcud pandemiya şəraitində tədrisə marağın azalmamasını təmin etmək, həmçinin distant formada tədrisi çətinlik yaradan, eləcə də laboratoriya şəraitində öyrədilməsi zəruri olan fənnləri tele formatda yayımlamaqdır. Bu zaman tələbələr praktik-təcrübi laboratoriya işlərini daha rahat formada izləmək imkanı qazanırlar.
İctimaiyyətlə əlaqələr şöbəsi