“BMU-AzSmart mütəxəssis hazırlığında mütərəqqi yenilik” layihəsi növbəti mərhələdə

10 İyun 2022
“BMU-AzSmart mütəxəssis hazırlığında mütərəqqi yenilik” layihəsi növbəti mərhələdə

Cari ilin aprel ayından Bakı Mühəndislik Universiteti (BMU) ilə “AzSMART” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) əməkdaşlığı çərçivəsində həyata keçirilən, tələbələrə təhsil müddətində praktiki biliklərin, bacarıqların və səriştələrin verilməsi məqsədi daşıyan layihə artıq növbəti mərhələyə keçib.

Belə ki, “AzSMART” MMC tərəfindən keçirilmiş müsabiqədə yüksək bilik nümayiş etdirərək layihəyə cəlb olunmuş BMU tələbələri bu mərhələdə nəzarət kassa aparatlarının (NKA) elektron blokları ilə iş sahəsində bir sıra praktiki bilikləri mənimsəyiblər.

Tələbələr NKA-ların tam diaqnostikası, onların işində yaranmış texniki problemləri aşkar etmək və onları aradan qaldırmaq, həmçinin təmir proseslərində istifadə edilən alətlər və cihazlarla işləmək bacarıqlarına yiyələniblər. Bununla yanaşı, NKA-ların müştərilər tərəfindən istismar üçün qoşulması, müştərilərə istismarla bağlı təlimatların verilməsi və cəmiyyətin “Çağrı mərkəzi”ndə çalışaraq daxil olan zəngləri qəbul edib qeydiyyatdan keçirilməsi bacarıqlarını nümayiş etdiriblər.

Tələbələrin ilkin təcrübə toplamaq sahəsində uğurlu fəaliyyətini nəzərə alaraq, “AzSMART” MMC tələbələrin NKA-ların elektron bloklarının təmir üzrə təcrübəsini daha da artırmaq məqsədi ilə yaxın günlərdə BMU-nun Texnoparkında yaradılmış iş yerlərinə 100 ədəd NKA-ları təqdim edəcək. Bundan sonra tələbələr cəmiyyətin ofisində əldə etdikləri təcrübəni bilavasitə universitetin onlar üçün ayırdığı məkanda davam edəcəklər.

Yaxın gələcəkdə layihəyə cəlb olunmuş tələbələrin sırasından ən fəalları bilavasitə cəmiyyətin ofisində təcrübəçi kimi işləmək imkanı da əldə edəcəklər.

Belə yanaşma tələbələr arasında yüksək təcrübə toplamaq uğrunda sağlam rəqabət mühitini yaradıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər