Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin dekanı, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Mirzəyevin məqaləsi “Springer” nəşriyyatında çap olunan impakt faktorlu “Lecture Notes in Mechanical Engineering” (Mexanika mühəndisliyi mühazirələri) jurnalında yayımlanıb.
“Dişli çarx mexanizmlərində vibrasiyanın eksperimental xarakteristikalarının Taquçi üsulu ilə tədqiqi” adlı məqalənin həmmüəllifləri BMU-nun məzunları-hazırda ARDNŞ Abşeronneft ASC-də çalışan Anar Xəlilov və İtaliyanın Milan Politexnik Universitetində magistratura təhsilini alan Rəşad Vəlili, həmçinin Türkiyənin Nişantaşı Universitetinin professoru Yusuf Şahindir. Geniş tədqiqat işinin bir hissəsi hesab olunan təcrübələr dos.H.Mirzəyevin ideya və rəhbərliyi altında BMU-nun Mexanika mühəndisliyi laboratoriyasında aparılıb.
Məqalədə dişli çarx reduktorlarında dişin forma və quraşdırma xətalarının sürətdən və fırlanma momentindən asılı olaraq mexanizmin vibrasiya parametrlərinə təsiri analiz edilib. Təcrübələr Almaniyanın “GUNT” şirkətinin kompüter dəstəkli avadanlıqlarında yüksək dəqiqliklə aparılıb. Eksperimentin planının qurulmasında və nəticələrin riyazi-statistik analizində müasir metod olan Taquçi üsulundan istifadə olunub. Bu tədqiqat işinin nəzəri hissəsinin də gələcəkdə nüfuzlu beynəlxalq jurnallarda çapı gözlənilir.
Tədqiqat işinin geniş olduğu nəzərə alınaraq gələcəkdə digər növ dişli mexanimlərin və yeni nəsil reduktorların da müxtəlif şərtlər altında istismar xarakteristikalarının yaxşılaşdırılması istiqamətdə eksperimental və fundamental tədqiqatların aparılması planlaşdırılıb.
Məqalənin mətni ilə https://link.springer.com/chapter/10.1007%2F978-981-15-9893-7_47 linki vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, adıçəkilən məqalə bir müddət öncə Belçikanın Gent Universitetində keçirilən “Yorulma və yeyilmə nəticəsində dağılma” (FFW 2020 - The 8th International Conference on Fracture Fatugie and Wear. http://www.ffwconf.org/2020/) adlı nüfuzlu beynəlxalq elmi konfransa təqdim edilib. Müsbət rəy almış məqalə seçmə elmi əsər kimi “Springer” nəşriyyatında impakt faktorlu jurnalda yayımlanıb. Məqalənin video formatında olan təqdimatını http://www.academicconf.com/video?confname=ffw2020 linkinə daxil olaraq izləmək olar.
İctimaiyyətlə əlaqələr şöbəsi