Bakı Mühəndislik Universitetində (BMU) yeni tədris ilinin başlanması ilə əlaqədar I kurs tələbələri ilə keçirilən tanışlıq görüşləri sentyabrın 13-də davam etdirilib.
Növbəti görüşlər inşaat və memarlıq, informasiya və kompüter texnologiyaları, həmçinin iqtisadiyyat və idarəetmə fakültələrində təşkil olunub. Fakültələrin rəhbərliyi tərəfindən tələbələrə BMU-nun maddi-texniki bazası, strukturu, tədris prosesi, eləcə də tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şərait, tələbə gənclər təşkilatları və klublar haqqında ətraflı məlumat verilib.
Görüşlərdə universitetdaxili nizam-intizam qaydaları ilə bağlı zəruri informasiyalar və prosedurlar da tələbələrin diqqətinə çatdırılıb. Eyni zamanda onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi