Bədii yaradıcılıq müsabiqə-festivalının qalibləri olan BMU tələbələri mükafatlandırılıb

25 İyun 2023
Bədii yaradıcılıq müsabiqə-festivalının qalibləri olan BMU tələbələri mükafatlandırılıb

Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırılanlar sırasında Bakı Mühəndislik Univesitetinin (BMU) tələbələri də var.

Belə ki, universitetin Bədii yaradıcılıq bölməsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın təşkilatçılığı ilə müsabiqədə iştirak edən BMU-nun tələbələrdən ibarət rəqs özfəaliyyəti kollektivi (Bədii rəhbər xoreqraf - Səbinə Musayeva) “Milli rəqslər” nominasiyası üzrə III yerə layiq görülüb. BMU-nun III kurs tələbəsi Cavad Quliyev (Bədii rəhbər Vüqar Məmmədov) isə “Xalq mahnıları” nominasiyası üzrə III yerin qalibi olub.

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə baş tutan müsabiqə-festivalda 25 ali təhsil müəssisəsində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, solo ifaçılar, həvəskar müğənni, rəqqas, bədii qiraətçi, rəqs kollektivləri və s. iştirak ediblər.

Hər il keçirilən müsabiqə-festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, həmçinin incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər