Ölkə iqtisadiyyatının ağır sənayesi olan maşınqayırma sahəsinin əsas mütəxəssisləri maşın mühəndisləridir. Onlar tək minik və yük avtomobilləri deyil, eyni zamanda gəmiqayırma, təyyarəqayırma, hərbi sənaye, eləcə də məişətdə istifadə olunan bütün maşınların layihələndirilməsi və istismarında birbaşa iştirak edirlər. Bu mənada “Maşın mühəndisliyi” ixtisası üzrə yetişən kadrlara hər zaman ciddi ehtiyac var.
Bakı Mühəndislik Universitetində (BMU) mükəmməl mühəndislik təhsili, tələbələrin bu istiqamətdə zəruri bilik və bacarıqlar qazanmaları üçün hər cür şərait mövcuddur. Tələbələr tədris prosesində yiyələndikləri bilikləri universitetin mexanika mühəndisliyi laboratoriyalarında təcrübə əsasında möhkəmlətmək imkanına malikdirlər. Kompüter proqramları ilə təchiz olunmuş ən müasir avadanlıqlardan ibarət mühəndislik laboratoriyaları tədqiqatlar aparmaqla texniki nailiyyətlərin mənimsənilməsinə kömək edir.
BMU-nun “Maşın mühəndisliyi” ixtisasında təhsil alan tələbələrə müəssisələrin tələblərinə uyğun fənnlər tədris olunur. Bu ixtisasın üstünlüyü ondan ibarətdir ki, dərslər istehsalatla birbaşa əlaqəlidir, müəssisələrdə sıx praktiki məşğələlər keçirilir, dördüncü kursun sonunda isə tələbələr artıq iş təklifləri almağa başlayırlar.
Bundan başqa, BMU-nun Mühəndislik fakültəsinin tələbələri ölkəmizdə və xaricdə keçirilən bilik marafonlarında, xüsusilə TEKNOFEST yarışmalarında iştirak edərək qalib olur və bunun nəticəsi kimi “Maşın mühəndisliyi” ixtisasının məzunları həm xaricdə, həm ölkədə istehsalat sahəsində özlərinə çox rahat şəkildə yer tapa bilirlər.
İctimaiyyətlə əlaqələr şöbəsi