“Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycan nümayəndə heyətinin Polşa Respublikasına səfəri davam edir.
Səfər zamanı Bakı Mühəndislik Universitetinin (BMU) Beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazovun da təmsil olunduğu nümayəndə heyətinin növbəti görüşü Polşa Respublikasının Təhsil və Elm Nazirliyində baş tutub. Polşanın təhsil və elm nazirinin müavini Tomasz Rzymkowski, Azərbaycanın Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova və Polşa Rektorlar Konfransının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə iki ölkə arasında təhsil, tədris və tədqiqat üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi, qarşılıqlı mübadiə imkanlarının artırılması, ortaq layihələrin icrası nəzərdən keçirilib.
Ölkələr arasında qurulmuş sıx əlaqələrin uğurla davam etdiyini vurğulayan Tomasz Rzymkowski əməkdaşlığın növbəti mərhələsi üçün geniş potensialın mövcudluğunu bildirib. Yeni layihələrin birgə icrasından məmnunluqlarını ifadə edən nazir müavini bu istiqamətdə əməkdaşlığın yüksək səviyyədə dəstəkləndiyini diqqətə çatdırıb.
Səfir Nərgiz Qurbanova isə Polşada təhsil sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlərdən söz açıb.
Azərbaycan təhsil nazirinin müşaviri Nicat Məmmədli layihə çərçivəsində Polşa ilə əməkdaşlığın daha da genişləndiyini və layihədə Polşa təcrübəsinin faydalı olacağını qeyd edib.
Layihənin koordinatoru olan Bakı Biznes Universitetinin əməkdaşı Gülşən Bayramova isə təcrübələrin öyrənilməsində Polşa Rektorlar Konfransının verdiyi töhfədən, eləcə də Polşa universitetləri ilə müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi üzrə aparılan işlərdən danışıb.
İctimaiyyətlə əlaqələr şöbəsi