ABŞ-ın Azərbaycandakı səfirliyinin elm, mədəniyyət və təhsil sahəsində həyata keçirdiyi “Akademik məqsədlər üçün ingilis dili” təlim proqramı çərçivəsində səfirliyinin əməkdaşları Bakı Mühəndislik Universitetində (BMU) olub.
Öncə BMU-nun rektoru, professor Havar Məmmədov səfirliyin Mədəniyyət məsələləri üzrə müşaviri cənab Richard Pinkham, İctimaiyyətlə əlaqələr departamentinin təhsil mütəxəssisi Ramina Mürşüdova və Virtual ingilis dili proqramının meneceri Sabina Abdullayeva ilə görüşüb.
Havar Məmmədov BMU-nun gənc universitet olmasına baxmayaraq iqtisadiyyat, mühəndislik, pedaqoji sahədə yüksəkixtisaslı kadrlar yetişdirdiyini bildirib. Maddi-texniki bazanın möhkəmlənməsi istiqamətində həyata keçirilən işlərdən bəhs edən rektor yeni tədris binasının tikintisinin başa çatmaq üzrə olduğunu diqqətə çatdırıb.
Universitetin beynəlxalq əlaqələrinə toxunan Havar Məmmədov BMU-nun fəaliyyətə başladığı gündən etibarən dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq etməsindən söz açıb. Bununla yanaşı, universitetin Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatlarla əlaqə yaratmasından, müxtəlif proqramlarda və layihələrdə tərəfdaş qismində iştirakından danışıb.
BMU-nun ABŞ-ın Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlığını, müxtəlif təhsil proqramlarında universitetin müəllim və tələbələrinin fəal iştirakını xüsusi vurğulayan rektor səfirliyin elm, mədəniyyət və təhsil sahəsində həyata keçirdiyi “Akademik məqsədlər üçün ingilis dili” təlim proqramının xüsusi rolunu önə çəkib. Ali təhsil müəssisəsinin rəhbəri BMU müəllimlərinin mükəmməl ingilis dilini mənimsəmək üçün səfirliyin təşkil etdiyi təlimin uğurla başa çatmasında əməyi keçən hər kəsə minnətdarlığını ifadə edib.
Müəllimlərin təlimlərdə iştirakını yüksək qiymətləndirən səfirliyin nümayəndələri müəllimlərin təlimlərə həvəslə qatıldığını bildiriblər. Qeyd olunub ki, 2021/2022-ci tədris ilində proqram çərçivəsində BMU-nun 20 nəfər müəlliminə ABŞ vətəndaşı cənab Michael Moak tərəfindən onlayn dərslər keçirilib. İki semestr müddətində davam edəcək təlim proqramı çərçivəsində müəllimlər müasir ingilis dili metodikası, tədris texnikaları və s. mövzularda dərsləri praktiki məşğələlərlə öyrənərək öz işlərində tətbiq etmək imkanı qazanacaqlar.
Görüşdən sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin elm, mədəniyyət və təhsil sahəsində həyata keçirdiyi “Akademik məqsədlər üçün ingilis dili” təlim proqramını başa vuran BMU müəllimlərinin mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Richard Pinkham təlimdə iştirak edən bütün müəllimləri proqramı uğurla başa vurduqlarına təbrik edib və bu kimi təlimlərin davam edəcəyini dilə gətirib.
Sonra təlimdə iştirak edən müəllimlər proqramla bağlı öz təəssüratlarını bölüşüblər.
Sonda “Layihə əsaslı öyrənmə və tənqidi pedaqogika”, “ESL dərs planı”, “TESOL metodologiyası”, “Peşəkar inkişaf təlimləri və peşəkar öyrənmə şəbəkələrinin təşkili” və digər mövzularda təşkil edilən proqramın ilk semestrini uğurla tamamlamış müəllimlərə sertifikatlar təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi