Bakı Mühəndislik Universitetində (BMU) 28 May-Müstəqillik Günü ilə əlaqədar Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına (AXC) həsr olunan seminar keçirilib.
Seminarda çıxış edən Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan AXC-nin yaradılması haqqında tədbir iştirakçılarına məlumat verib. Çıxışda müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin mürəkkəb ictimai-siyasi şəraitdə yaradılmasına baxmayaraq, dövlət quruculuğu prosesində atdığı addımlar diqqətə çatdırılıb.
Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın müstəqil, hüquqi, demokratik dövlət kimi formalaşması üçün yürüdülən məqsədyönlü siyasəti vurğulayan kafedra müdiri müstəqilliyimizin təmin olunması, qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, həmçinin Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlətçilik ənənələri haqda ətraflı danışıb.
Sonra kafedranın dosenti Xaqan Balayev məruzə ilə çıxış edib. Çıxışda 1918-ci il 26 iyun tarixində Azərbaycan Hökumətinin qərarı ilə Müsəlman Əlahiddə Korpusunun formalaşdırılması, bu tarixin təqvimə Azərbaycan ordusunun yaranma günü kimi daxil olması vurğulanıb. Məruzədə korpusun hərbi rəhbərliyi və onların qarşısında dayanan əsas vəzifələr, eləcə də Bakının işğaldan azad edilməsində göstərilən əzm və fədakarlıqdan ətraflı bəhs olunub.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi