2016-cı ildən Ümumdünya İrsi Şəhərləri Təşkilatının üzvü olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (İTMQ) Təhsil Nazirliyinin dəstəyi ilə tələbələri təşkilat tərəfindən təşkil olunan beynəlxalq video müsabiqədə iştirak etməyə dəvət edir.
“Yeni başlanğıc. Yeni baxış. Yeni şəhər” mövzusunda keçiriləcək beynəlxalq video müsabiqədə Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri də iştirak edə bilərlər.
Müsabiqənin keçirilməsində əsas məqsəd xüsusilə pandemiya dövründə tarixi şəhərləri gənclərin gözü ilə kəşf etmək və onlara öz tarixi şəhərlərinin postpandemiya dövründə necə olacağı barədə təsəvvürlərini ifadə etməyə imkan yaratmaqdır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər mövzuya uyğun 5 dəqiqəlik video hazırlayaraq 1 mart 2021-ci il tarixindən gec olmayaraq İTMQ idarəsinə təqdim edə bilərlər. Maraqlanan şəxslər daha ətraflı məlumat üçün İTMQ-nin əməkdaşı (əlaqələndirici şəxs) Aygün İsmayılova ilə əlaqə (055 221 2921) saxlaya bilərlər.
Müsabiqə 14-17 yaş və 18-21 yaşlarında olan iki yaş qrupu gənclər üçün nəzərdə tutulub. Beynəlxalq müsabiqə 2 mərhələdə - yerli və beynəlxalq səviyyədə baş tutacaq. Videolar ortaya qoyulan işin keyfiyyəti, məzmun, orijinallıq və yaradıcılıq meyarlarına görə qiymətləndiriləcək.
Qaliblar Ümumdünya İrsi Şəhərləri Təşkilatı tərəfindən 2021-ci ilin iyun ayından sonra elan ediləcək.
Qeyd edək ki, Ümumdünya İrsi Şəhərləri Təşkilatı üzv şəhərlərdə dünya irsi hesab olunan tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması ilə bağlı müxtəlif layihələr həyata keçirir.