Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramına qəbul açıq elan edilir. Proqrama bakalavriat təhsili alan tələbə qızlar müraciət edə bilərlər. Proqram çərçivəsində seçilmiş tələbələr aylıq təqaüdlə yanaşı, təcrübə, mentorluq, təlimlər və “NEQSOL Academy” ilə “LinkedIn Learning” vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına çıxış kimi imkanlardan yararlanacaqlar.
Seçim şərtləri
Proqrama aşağıdakı meyarlara cavab verən şəxslər müraciət edə bilərlər:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Azərbaycan Respublikasının elmi-müəssisə və təşkilatlarında əyani təhsilalma forması olan bakalavriat təhsili almalı;
- Qeyd olunan ixtisaslardan biri üzrə təhsil almalı;
- Ali təhsil müəssisəsinin bakalavr pilləsinə qəbul imtahanında minimum 450 bal toplamalı;
- Ümumi orta müvəffəqiyyət göstəriciləri 80%-dən yuxarı olmalı;
- Dərsdənkənar fəaliyyətlərdə fəal iştirak etməli (könüllülük, sosial fəaliyyət və s.);
- Bu sosial meyarlardan birinə cavab verməlidir: ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü; valideynləri olmayan və ya uşaq evində böyümüş şəxs.
- Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs: I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;İşsiz kimi qeydiyyatda olan şəxslər; İş yeri olmayan və yaşa görə əmək pensiyası alan şəxslər; İş yeri olmayan və yaşa görə sosial müavinət alan şəxslər.
Yuxarıdakı sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür. Seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaqdır. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaqdır. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbə həyatı ilə bağlı suallar veriləcəkdir. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız aylıq 200 manat məbləğində təqaüd əldə edəcək və proqram çərçivəsində onlara təqdim olunan şəxsi və peşəkar inkişaf fəaliyyətlərində iştirak edəcəklər.
İxtisasların siyahısı və müraciət forması
“Parla” təqaüd və inkişaf proqramı üçün müəyyən edilmiş ixtisasların siyahısı ilə buradan tanış ola bilərsiniz.
Bu linkə keçid etməklə proqrama müraciət edə bilərsiniz.
Müraciət üçün son tarix: 20 oktyabr 2024-cü il.
Qeyd: Fondun təşkil etdiyi digər təqaüd proqramlarından yararlanmış şəxslər bu layihəyə müraciət edə bilməz.