Sosial baxımdan həssas əhali qrupuna aid olan tələbələrin NƏZƏRİNƏ

18 May 2021
Sosial baxımdan həssas əhali qrupuna aid olan tələbələrin NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu 19 may 2021-ci il tarixindən aktivləşdirir.

Məlumat üçün bildirək ki, 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tətəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Həmin tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcəkdir.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər.

https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin təhsi haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu isə iyun ayının 7-dək aktiv olacaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 4 may tarixli 129 nömrəli qərarı ilə Nazirlər Kabinetinin 2020-ci il 13 aprel tarixli 138 nömrəli qərarına dəyişiklik edilib və təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub.

Digər elanlar