Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfir olmaq şansı

19 Fevral 2021
Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfir olmaq şansı

Azərbaycanda növbəti Gənc Səfirlərin seçilməsi prosesinə start verilib.  Belə ki, Gənclər və İdman Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri üzrə yeni Gənc Səfirlərin seçilməsi nəzərdə tutulur.

Bakı Mühəndislik Universitetinin (BMU) gənc müəllimləri və tələbələri də bu seçimdə iştirak edə bilərlər. Gənc Səfir olmaq üçün müraciət formasını, namizədlər üçün şərtlər toplusunu və fəaliyyət barədə daha ətraflı məlumatı https://www.sdgyouthambassadors.com/ keçidi vasitəsilə əldə etmək mümkündür. Qeydiyyat mərhələsi 2 mart 2021-ci il tarixindək davam edəcək.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda bu layihə çərçivəsində ilk dəfə olaraq 17 Gənc Səfir seçilib. 2018-2020-ci illər ərzində Gənc Səfirlər könüllü əsaslarla Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda təbliğinə, məqsədlərə nail olmaq üçün gənclərin iştirakının təşviqinə, yerli, milli və beynəlxalq səviyyədə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılmasına,  əlaqəli təşəbbüslərin həyata keçməsinə mühüm töhfələr veriblər.

2015-ci ilin sentyabr ayında BMT-nin Baş Assambleyası tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri qəbul olunub. Bu 17 məqsədin 2030-cu ilə qədər gerçəkləşməsi hazırda Azərbaycan da daxil olmaqla BMT-yə üzv dövlətlərin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. 

Digər elanlar