“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İnha Universiteti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində 2021/2022-ci tədris ili üçün “İnformasiya texnologiyaları” ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbula start verilir.
Proqram Cənubi Koreyanın İnha Universiteti ilə birgə BMU tərəfindən icra edilir. 3+1 modelinə əsaslanan proqramın 3 il müddətində BMU-da, 1 il müddətində isə İnha Universitetində tədrisi nəzərdə tutulur.
Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.
BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri hər semestr tədris olunacaq və tələbələr müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər.
Proqramın məzunları İnformasiya texnologiyaları sahəsi, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində bacarıqlara yiyələnəcəklər.
Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İnha Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək.
Beynəlxalq ikili diplom proqramına qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat pilləsi üzrə) nəticələri və İnha Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır. Seçim nəticəsində 25 nəfər tələbə “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil almaq hüququ qazanacaqdır.
Ətraflı məlumatı elandan əldə etmək mümkündür.