Oktyabrın 15-də Bakı Mühəndislik Universiteti (BMU) Sənaye mühəndisliyi kafedrasının təşkilatçılığı ilə “COP29: Yaşıl dünya naminə həmrəy olaq” adlı forum keçiriləcək. Forumda müasir qlobal ekoloji problemlərin ətraf mühitə təsiri, yaratdığı sosial-iqtisadi fəsadları mütəxəssislərin iştirakı ilə müzakirə olunacaq.
Sənaye mühəndisliyi kafedrasının baş müəllimi Etibar Qəhrəmanovun moderatorluğu ilə baş tutacaq tədbirdə Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rəşail İsmayılov, “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin rəis müavini Elnur Əliyev, AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri şirkətində alternativ enerji üzrə ekspert Orxan Kərimzadə və digər mütəxəssislərin çıxışları nəzərdə tutulub.
Forumun əsas istiqamətlərini “Qlobal istiləşmə və iqlim dəyişmələrinin təsirlərinin azaldılması”, “Tullantısız istehsalat, tullantıların dayanıqlı idarə olunması”, “Yaşıl enerji və onun istixana qazlarının azaldılmasında rolu”, “COP29-un Azərbaycana ekoloji baxımdan qazandıracağı üstünlüklər” mövzuları təşkil edəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi