Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir.
İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr 2023-cü il yanvarın 24-dən fevralın 9-dək DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (şəxsi kabineti olmayanlar) sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 24 yanvar 2023‑cü il saat 10:00-dan 9 fevral saat 23.59-dək DİM-in saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).
Qəbul imtahanının (birinci cəhd) 2023-cü il fevralın 19-da keçirilməsi nəzərdə tutulur. İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), İnformatika üzrə 25 (o cümlədən açıq formalı 5) və Xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaqdır.
Magistraturaya sənəd qəbulu haqqında ətraflı məlumatla https://dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
“Magistratura və doktorantura” şöbəsi