Yeni ixtisaslar BMU-da təhsil almaq istəyən abituriyentlərə geniş perspektivlər yaradır

16 İyun 2020
Yeni ixtisaslar BMU-da təhsil almaq istəyən abituriyentlərə geniş perspektivlər yaradır

Bakı Mühəndislik Universitetinin (BMU) bakalavr pilləsi üzrə 2020/2021-ci tədris ilində yeni ixtisaslar yaradılıb. İnformasiya təhlükəsizliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) kimi yeni ixtisaslarda təhsil almaq və bu sahədə yüksəkixtisaslı mütəxəssis olmaq istəyən abituriyentlər üçün BMU-da geniş perspektivlər, imkanlar və elmi-pedaqoji kadrlar vardır.

Cari ildə İnformasiya təhlükəsizliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyinə qəbul I ixtisas qrupu, Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasına qəbul isə II ixtisas qrupu üzrə aparılacaq.

Elektrik və elektronika mühəndisliyi, İnformasiya texnologiyaları və İnşaat mühəndisliyi ixtisaslarında bakalavr hazırlığı Koreya Respublikasının İnha Universiteti ilə birgə ikili diplom proqramları üzrə dövlət sifarişi əsasında həyata keçiriləcək.

Ümumilikdə, son 2 ildə BMU-da hazırki əmək bazarında daha çox tələb olunan digər yeni ixtisaslar da yaradılıb. Bunların sırasında Memarlıq, Şəhərsalma, Dizayn, İqtisadiyyat, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Ekologiya mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Energetika mühəndisliyi, Maşın mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Sənaye mühəndisliyi ixtisaslarının adını vurğulamaq vacibdir.

Universitetdə yeni ixtisasların tədrisi prosesini təmin etmək üçün müasir auditoriyalar, ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, tədris və elmi ədəbiyyat fondu olan kitabxana, internet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz edilmiş otaqlardan istifadə imkanı mövcuddur.

Bununla yanaşı, BMU-da təhsil alan tələbələrin əmək bazarında özlərinə iş tapmaları, həmçinin əmək bazarında istehsalatla kadr ixtisası arasındakı əlaqələrin inkişafı üçün də daimi iş aparılır. Universitet tələbələrinin təcrübə yerlərinin müəyyənləşdirilməsi, məzunlarının işlə təmin edilməsi məqsədi ilə özəl və dövlət qurumları ilə əməkdaşlığın qurulmasını, həmçinin tələbələrin  ixtisasları üzrə dövlət və özəl müəssisələrdə təcrübə keçmələrini və işlə təmin olunmasını təmin edən Müəssisələrlə əlaqələr və karyera departamenti fəaliyyət göstərir. Müəssisələrin tələbləri istiqamətində məzunların ixtisaslarına uyğun işlə təmin edilməsinə köməklik göstərən departament, eyni zamanda, müəssisələrin müvafiq tələbə və məzunlara istiqamətli vakant vəzifələr üzrə kadr seçimi imtahanlarını da təşkil edir. 

Növbəti tədris ili üçün BMU-nun bakalavr pilləsində 29 ixtisas üzrə ümumilikdə 1210 plan yeri ayrılıb. Onlardan 640 yer Azərbaycan bölməsi, 15 yer rus bölməsi, 555 yer isə ingilis bölməsi üçün planlaşdırılıb.

BMU-nun magistr pilləsində 15 ixtisas və 19 ixtisaslaşma üzrə 160 yer ayrılıb. Onlardan 125 yer Azərbaycan bölməsinin, 35 yer ingilis bölməsinin payına düşür.  MBA proqramında isə 6 ixtisaslaşma üzrə 275 yer ayrılıb. Onlardan 210 yer Azərbaycan, 65 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub.

BMU-nun növbəti tədris ili üçün bakalavr və magistratura səviyyələri, eyni zamanda MBA proqramı üzrə tələbə qəbulu planında yer alan ixtisasların tam siyahısı ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür.

http://beu.edu.az/az/page/abituriyent-39/

http://beu.edu.az/az/page/magistratura-ixtisaslar-159

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər