Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) “Elektrik mühəndisliyi” ixtisasının tələbəsi Nəzrin Nurullayeva proqram çərçivəsində Koreya Respublikasında (29 iyul-16 avqust 2024-cü il) təşkil olunan yay məktəbində iştirak edib.
Təəssüratlarını bölüşən N.Nurullayeva bildirib ki, üç həftəlik yay məktəbi olduqca səmərəli keçib. Onlara müxtəlif fənnlər tədris olunub, yerli və xarici müəllimlərin mühazirələri təqdim edilib: “Sinxronlaşmış beynəlxalq təhsil sistemi vasitəsilə yeni biliklər əldə etdik. Həmçinin, Cənubi Koreyanın avtomobil istehsalçıları olan “Hyundaı” və “KIA”, eləcə də dünyada elektronika satışı ilə məşğul olan “Samsung”, “LG” kimi nüfuzlu şirkətləri ziyarət etmək, istehsal prosesi ilə tanışlıq bizdə böyük məmnunluq yaratdı. Koreya mədəniyyəti ilə yaxından tanış olmaq, oradakı insanlarla ünsiyyət isə bizə dil bacarıqlarımızın artmasında böyük kömək etdi”.
O, yay məktəbi müddətində qazanılan biliklərin onların yaxşı mütəxəssis kimi yetişmələrinə təsir göstərəcəyinə əminliyini vurğulayıb.
İctimaiyyətlə əlaqələr şöbəsi