Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının Elektrik və Elektronika mühəndisliyi ixtisaslarının bir qrup tələbəsi “Universitet-sənaye əməkdaşlığı” proqramı çərçivəsində “Aydın Texnoloji İnnovasiyalar” MMC-də olublar.
Səfərin məqsədi qurumun texnika, texnologiya, enerji, nəqliyyat, inşaat, hərbi, tibb, futurologiya və kənd təsərrüfatı sahələrində bir çox startapların yaradılması üzrə çalışdıqları innovativ layihələrlə tələbələri tanış etmək, eyni zamanda onların da öz startaplarının yaradılmasına dəstək olub.
Şirkətin rəhbəri Kəmaləddin Mənsimov təmsil etdiyi qurumun tarixi, fəaliyyət istiqamətləri, gerçəkləşən və gələcəkdə icra olunacaq innovativ layihələr barədə danışıb. O, BMU ilə əməkdaşlıq müqaviləsinin imzalanmasında maraqlı olduqlarını bildirib.
BMU Texnoparkının baş mütəxəssisi Arif Nəcimov universitetin yaranması, fakültələr və tədris olunan ixtisaslar, Texnopark, laboratoriyalar, həmçinin əməkdaşlıq edilən yerli və xarici tərəfdaşlar haqqında məlumat verib.
Avtomatika və elektroenergetika kafedrasının baş müəllimi Hamed Kağazçı artıq 2 ildir ki, BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı və onun ixtisaslarından (İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektronika mühəndisliyi və Elektrik mühəndisliyi), həmçinin keyfiyyətli kadr hazırlığından bəhs edib.
Sonra görülən işlərdən, icra olunan innovativ layihələrdən, Elektrik və Elektronik mühəndisliyi ixtisaslarının əhəmiyyətindən danışılıb, bu peşəyə olan ehtiyacın hər gün daha da artdığı vurğulanıb. Karyerasını bu peşə sahəsində davam etdirəcək tələbələrə tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda gələcəkdə tələbələrin davamlı olaraq şirkətlə əməkdaşlığı və layihələrdə iştirak imkanları nəzərdən keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi