Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində 83 tələbə IV kursu Koreya Respublikasında təhsil alacaq. Təhsillərini davam etdirmək üçün 17-18 avqust tarixlərində Koreyaya yola düşən 2021/2022-ci tədris ili proqramının tələbələri artıq İnçon şəhərinə yerləşiblər.
Sonuncu kursu cari il sentyabr ayının 2-dən etibarən İNHA Universitetində davam etdirəcək 83 tələbə 19 avqustdan etibarən yeni mühitdə tədris prosesinə çevik uyğunlaşmaq məqsədilə intensiv şəkildə baza əsaslı dərslərə qatılırlar.
Tədrisi 3+1 modeli əsasında qurulan proqramın şərtlərinə əsasən, tələbələr bakalavriat səviyyəsində informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə İNHA Universitetində təhsil almalıdırlar.
Tədris ilini uğurla başa vuran tələbələr hər iki universitetin diplomunu əldə edəcəklər.
BMU-İNHA İDP “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
İctimaiyyətlə əlaqələr şöbəsi