Təhsil Nazirliyinin BMU-ya ayırdığı qrant layihəsi üzrə işlər sürətlənir

22 Aprel 2022
Təhsil Nazirliyinin BMU-ya ayırdığı qrant layihəsi üzrə işlər sürətlənir

Bakı Mühəndislik Universitetində (BMU) 2020-ci ildən etibarən Cənubi Koreyanın İNHA Universiteti ilə birgə icra olunan ikili diplom proqramı çərçivəsində Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə bakalavriat səviyyəsində (tədris ingilis dilində olmaqla) mühəndis kadrları hazırlanır. Bu ixtisaslar üzrə mütəxəssis hazırlığı bir çox fənlər üzrə tədris laboratoriyalarının yaradılmasını, onların müasir cihazlar və avadanlıqlarla təchiz edilməsini, fənn proqramlarının və tədris materiallarının hazırlanmasını tələb edir.

Qeyd olunan vəzifələrin uğurla yerinə yetirilməsini təmin etmək üçün Təhsil Nazirliyi tərəfindən BMU-ya “Bakalavriat səviyyəsində “Elektrik və Elektronika” qruplarında yeni məzmunun yaradılması və tədrisinin təşkili” layihəsinin icrası üçün qrant ayrılıb. Layihə çərçivəsində ayrılan vəsait hesabına əsasən, laboratoriya avadanlıqlarının və cihazların alınması həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan dilində mütəxəssis hazırlığı gerçəkləşdirilən yeni “Elektrik və elektronika mühəndisliyi” ixtisasının tədris planına daxil olan 15 (7-i elektrik, 7-i elektronika, 1-i idarəetmə yönümlü olmaqla) peşə və ixtisas fənninin yeni proqramları, təlim və tədris materialları hazırlanıb çapa veriləcək. Materialların hazırlanması ilə bağlı pedaqoji heyətə və tədrisin təşkili ilə bağlı inzibati heyətə təlimlərin keçirilməsi və s. bu kimi mühüm işlər də icra olunacaq tədbirlər sırasında yer alıb.

Hazırda layihə çərçivəsində planlaşdırılmış işlər 2021-ci ilin noyabr ayında Təhsil Nazirliyi və BMU arasında imzalanan, İqtisadi İnkişaf Nazirliyində isə qeydiyyatdan keçən müqavilənin müddəalarına müvafiq olaraq yerinə yetirilir. Bu məqsədlə universitetin Avtomatika və elektroenergetika kafedrasında “İşçi tədbirlər planı” təsdiqlənib, işçi qrup yaradılıb, həmçinin görüləcək işlərin icrasına kafedranın aparıcı mütəxəssisləri tam şəkildə cəlb olunub.

Ötən müddət ərzində layihənin rəhbər heyəti formalaşdırılıb, tədris-tədqiqat laboratoriyalarının təchizatı üçün zəruri avadanlıqlar və cihazlar seçilib sifariş edilib, fənn proqramlarının və tədris materiallarının hazırlanması ilə bağlı əməkdaşların qarşısında konkret vəzifələr qoyulub.

Növbəti bir neçə ay ərzində sözügedən proqramların və materialların hazırlanıb təsdiqə və çapa verilməsi, bu işlərlə bağlı pedaqoji heyət və növbəti tədris ilində dərslərin təşkili ilə bağlı inzibati heyət üçün təlimlərin keçirilməsi, sifariş edilmiş avadanlıqların və cihazların alınıb laboratoriyalarda istismara hazırlanması, əlavə avadanlıqların sifariş edilməsi nəzərdə tutulur. Təhsil Nazirliyi tərəfindən BMU-nun kampusunun ərazisində tikilən və inşası yaxın vaxtlarda başa çatacaq yeni tədris binasında bu avadanlıqların yerləşdirilməsi üçün laboratoriya otaqlarının ayrılması da planlaşdırılır.

Təhsil Nazirliyinin BMU-da həyata keçirilən ikili diplom proqramına olduqca önəmli dəstəyi ölkənin sürətlə inkişaf edən enerji sektorunda işləmək üçün müasir biliklərə, bacarıqlara və səriştələrə malik olan yüksəkixtisaslı mütəxəssislərin hazırlanması işinə dəyərli töhfə verə biləcək tədris infrastrukturunun ərsəyə gəlməsinə imkan yaradacaq.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər