Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) haqqında növbəti maarifləndirmə tədbirləri Tovuz (Adil Qasımov adına tam orta məktəb), Şəmkir (Fərman Salmanov adına tam orta məktəb) və Qazax (Səməd Vurğun adına 2 saylı məktəb) rayonlarında keçirilib.
Görüşlərdə çıxış edən BMU-İNHA İDP-nin proqram katibi Nurlan Astanov yüksək nəticələri ilə fərqlənən tələbələr arasında İDP-yə marağın artdığını önə çəkərək, adıçəkilən rayonlardan proqrama qəbul olan tələbələrlə bağlı məlumatlara toxunub.
İDP-nin tələbələrlə iş üzrə mütəxəssisi Nurlanə Abaslı isə BMU-İNHA İDP-yə 2023/2024-cü tədris ili üçün onlayn sənəd qəbulunun (5 iyun - 9 avqust) artıq başladığını şagirdlərin nəzərinə çatdırıb. O, proqramın qəbul qaydaları, ixtisaslar, həmçinin ixtisaslar üzrə qəbul kvotası, qəbul şərtləri, müraciət proseduru, tədris prosesi, proqram məzunlarının əldə edəcəyi imkanlar haqqında məlumat verib.
BMU-İNHA İDP üzrə layihə rəhbəri Yang Hyunjin Koreya Respublikasında təhsil mühiti, proqram əsasında bu ölkədə “Yay məktəbi”nin təşkili, proqramın birgə icrasının üstünlükləri və s. haqda zəruri informasiyaları təqdim edib .
Sonra tədbirdə BMU-İNHA İDP ilə bağlı videoçarx nümayiş olunub.
Şagirdlərin suallarının cavablandırılması ilə davam edən görüşdə BMU-İNHA İDP-yə dair onlayn qeydiyyat prosesinə start verildiyi, qeydiyyat prosesi üçün son tarixin 9 avqust 2023-cü il saat 23:55 müəyyən edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir. BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 12-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 17-də açıqlanacaq.
O da vurğulanıb ki, ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavriat proqramına İnformasiya texnologiyaları ixtisası üzrə 35, İnşaat mühəndisliyi ixtisası üzrə 25, Elektrik mühəndisliyi ixtisası üzrə 28 və Elektronika mühəndisliyi ixtisası üzrə 35 nəfər olmaqla, ümumilikdə 123 nəfərin qəbulu nəzərdə tutulur. Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.
Görüşün sonunda iştirakçılara proqramla əlaqədar məlumat kitabçaları paylanılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi