Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə seminarda iştirak edib.
Bakı Dövlət Universitetində keçirilən beynəlxalq tədbirdə universitetin rektoru Elçin Babayev açılış nitqi ilə çıxış edib.
Beynəlxalq seminarda çıxış edən BMU-nun rektoru Havar Məmmədov Azərbaycanın ICESCO ilə əlaqələrindən söz açıb, ölkə Prezidenti cənab İlham Əliyevin mövcud əlaqələrin davamlı inkişafında müstəsna xidmətlərinin olduğunu vurğulayıb. Rektor ISESCO tərəfindən Azərbaycana və onun mədəniyyətinə, həmçinin Azərbaycanın İslam aləmində oynadığı rola verilən yüksək qiymətdən bəhs edib, təşkilat tərəfindən Bakı şəhərinin 2009-cu ildə, Naxçıvan şəhərinin isə 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edildiyini diqqətə çatdırıb.
Professor Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında seminar iştirakçılarına məlumat verərək bildirib ki, qabaqcıl ali təhsil müəssisəsi olan BMU-da ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığı həyata keçirilir, eyni zamanda fundamental və tətbiqi elmi - tədqiqatlar aparılır. Rektor çıxışında mühəndislik ixtisasları istiqaməti üzrə İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektronika mühəndisliyi və Elektrik mühəndisliyi ixtisaslarında BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında bakalavriat səviyyəsində həyata keçirilən ikili diplom proqramı haqqında da məlumat verib.
Tədbirdə ICESCO-nun baş direktoru Salim Al Malikin videotəbriki təqdim edilib, qurumun fəaliyyətini əks etdirən videoçarx göstərilib.
Seminarda Azərbaycanın ICESCO üzrə Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə, Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdiri Nicat Məmmədli, ICESCO-nun nümayəndəsi, elmi tədbirlər üzrə ekspert Foued Elayni, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Orta Şərq Texnik Universitetinin professoru Ahmet Oral, Pakistanın Elm və Texnologiya üzrə Milli Universitetinin mühəndisi Mohsin Tivana çıxış ediblər. Eyni zamanda, Pakistan Virtual Universitetinin rektoru, professor Arshad Saleem Bhattinin açılış mərasimində təbrik məktubu səsləndirilib.
4-7 oktyabr tarixlərində baş tutacaq tədbir ICESCO-nun təşkilatçılığı, eyni zamanda ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Bakı Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində keçirilir.
Seminarın keçirilməsində əsas məqsəd cihazqayırmaya və tərsinə mühəndisliyə dair əsas ideyaları təqdim etmək, eyni zamanda müxtəlif növ sensorların istifadəsi, verilənlərin əldə edilməsi və emal edilməsi haqqında iştirakçıları məlumatlandırmaqdan ibarətdir. 2 hissədən ibarət olan seminarın ilk hissəsində mühazirə, II hissəsində isə təlimlər keçirilir.
Qeyd edək ki, təlimlərdə digər ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı, BMU-nun tələbələri də iştirak edir.
İctimaiyyətlə əlaqələr şöbəsi