Rektor 2022/2023-cü tədris ilində yüksək nəticə göstərərək BMU-ya daxil olan tələbə ilə görüşüb

12 Sentyabr 2022
Rektor 2022/2023-cü tədris ilində yüksək nəticə göstərərək BMU-ya daxil olan tələbə ilə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov 2022/2023-cü tədris ilində yüksək nəticə göstərərək, 691.3 balla universitetin Kompüter elmləri ixtisasını (tədris ingilis dilində) seçən Leyla Məmmədli ilə görüşüb.

Tələbəyə qazandığı müvəffəqiyyət münasibətilə ən səmimi təbriklərini çatdıran Havar Məmmədov universitetdə tələbələr üçün yaradılan imkanlar, o cümlədən təhsilin yüksək keyfiyyətdə tədris olunması, ingilis dilində tədris sistemi, Koreyanın İNHA Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı, ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaların mövcudluğu barədə danışıb. Elektron ali təhsil ocağı olan BMU-nun həyatında baş verən mühüm yenilikləri önə çəkən rektor yüksəkixtisaslı kadrların yetişdirilməsi, onların məzun olduqdan sonra işlə təminatı istiqamətində görülən işləri vurğulayıb. Havar Məmmədov həmçinin, tələbələrin asudə zamanlarının faydalı, səmərəli təşkili və ictimai-sosial həyata qoşulmaları üçün fəaliyyət göstərən tələbə təşkilatlarının rolu və s. məsələlərə toxunub. Leyla Məmmədlinin ixtisas və universitet seçimini yüksək dəyərləndirən rektor tələbəyə ali təhsil ocağının ictimai həyatında baş verən müxtəlif formatlı tədbirlərdə də fəal olmağı tövsiyə edib.

Xoş sözlərinə görə rektora minnətdarlığını bildirən tələbə Leyla Məmmədli və valideyni Yaşar Məmmədli universitet seçimi zamanı xeyli araşdırma apardıqlarını, məhz sadalanan üstünlüklərə görə BMU-nu seçdiklərini vurğulayıblar. Y.Məmmədli, həmçinin Leylanın Tovuz rayonunun Xatınlı kəndinin orta məktəbini fərqlənmə attestatı ilə başa vurduğunu deyib.

Görüşün sonunda tələbəyə yeni tədris ilində bir daha uğurlar diləyən rektor Havar Məmmədov ona universitet adından hədiyyə təqdim edib.

Qeyd edək ki, ötən tədris ili ilə müqayisədə bu il BMU-nun bakalavr pilləsinə qəbul olan tələbələr arasında 600-dən yüksək bal toplayanların sayı 2 dəfədən çox artıb. 500 baldan çox bal toplayanların sayı isə 70 faizi ötüb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər