Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İnha Universiteti arasında bakalavriat pilləsi üzrə həyata keçirilən ikili diplom proqramı ilə əlaqədar vebinar keçirilib.
Vebinar Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu ilə baş tutub. Vebinarın BMU ilə İnha Universiteti arasında icra olunan ikili diplom proqramına həsr olunduğunu söyləyən sektor müdiri proqram haqqında ümumi məlumat verib.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bildirib ki, 2018-ci ildə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı qəbul olunub və bu proqramın əsas komponentlərindən biri ikili diplom proqramlarının təsis olunmasıdır. N.Məmmədli BMU ilə Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İnha Universiteti arasında beynəlxalq ikili diplom proqramının icrasına ötən tədris ilindən start verildiyini diqqətə çatdırıb. Proqramın perspektivlərindən söz açan şöbə müdiri proqram məzunlarının təhsillərinin sonunda beynəlxalq təcrübəyə malik olacaqlarını vurğulayıb.
2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova çıxışında proqramın maliyyələşməsi məsələsinə toxunub. O, məzunların işlə təmin olunması məsələsi barədə də danışıb və dövlət proqramı çərçivəsində bu istiqamətdə də dəstək göstərilməsinin nəzərdə tutulduğunu söyləyib.
İkili diplom proqramının direktoru Humay Cəfərli təşəbbüs irəli sürərək vebinarı təşkil etdiklərinə görə Təhsil Nazirliyinə və Dövlət Proqramı İdarəetmə Qrupuna təşəkkürünü bildirib. İkili diplom proqramı haqqında ətraflı söz açan H.Cəfərli proqramın əsas üstünlüklərindən bəhs edib. Bildirib ki, təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri Dövlət Proqramı çərçivəsində qarşılanır. Proqram direktoru həmçinin qeyd edib ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili isə İnha Universitetində təhsil alacaqlar və sonda iki diplom əldə edəcəklər. Bundan əlavə bakalavriat səviyyəsini bitirən tələbələr magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək imkanına malik olacaqlar.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, 2021/2022-ci tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektronika mühəndisliyi və Elektrik mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur. İkili diplom proqramı ilə bağlı daha ətraflı məlumatı https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linki vasitəsilə əldə etmək mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi