Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (İDP) ilə bağlı növbəti maarifləndirici tədbir Lənkəran və Masallı şəhərlərində keçirilib. Belə ki, Lənkəran şəhər 4 saylı məktəbdə və Masallı şəhər 1 saylı məktəbdə I ixtisas qrupuna hazırlaşan 11-ci sinif şagirdləri ilə görüşlər təşkil olunub.
Hər iki şəhərdə keçirilən tədbirdə çıxış edən BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov universitetin yaranma tarixi, burada tədris olunan ixtisaslar barədə məlumat verib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində gerçəkləşdirilən BMU-İNHA İDP-dən ətraflı bəhs edən prorektor proqramın tam olaraq dövlət tərəfindən maliyyələşdirildiyini önə çəkib və proqrama əsasən tədrisi həyata keçirilən ixtisasları (Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi, İnşaat mühəndisliyi və İnformasiya texnologiyaları) diqqətə çatdırıb. Mühəndislik sahəsi üzrə yüksəkixtisaslı kadrların hazırlanmasının önəmini qeyd edən M.Namazov müasir çağırışlara uyğun mütəxəssis olmaq istəyən gənclər üçün BMU-da geniş perspektivlərin olduğunu bildirib.
BMU-İNHA İDP-nin proqram direktoru Humay Cəfərli çıxışında proqrama 2023/2024-cü tədris ili üçün sənəd qəbulunun 5 iyundan etibarən elan olunduğunu bildirib. O, yüksək nəticələri ilə fərqlənən tələbələr arasında BMU-İNHA İDP-yə marağın artdığını vurğulayaraq, illər üzrə müvafiq statistikaya toxunub.
BMU-İNHA İDP-nin tələbələrlə iş üzrə mütəxəssisi Nurlanə Abaslı proqramın qəbul qaydaları, ixtisaslar, həmçinin ixtisaslar üzrə qəbul kvotası, qəbul şərtləri, müraciət proseduru barədə təqdimatla çıxış edib.
BMU-İNHA İDP üzrə layihə rəhbəri Yang Hyunjin şagirdlərə Koreya Respublikasında təhsil mühiti, proqram əsasında bu ölkədə “Yay məktəbi”nin təşkili, proqramın birgə icrasının üstünlükləri və s. haqda zəruri informasiyaları nəzərə çatdırıb.
Görüşdə bildirilib ki, hazırda BMU-İNHA İDP-yə onlayn qeydiyyat prosesi davam edir. Qeydiyyat prosesi üçün son tarix 9 avqust 2023-cü il saat 23:55 müəyyən edilib. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir. BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 12-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 17-də elan ediləcək.
O da qeyd olunub ki, ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavriat proqramına İnformasiya texnologiyaları ixtisası üzrə 35, İnşaat mühəndisliyi ixtisası üzrə 25, Elektrik mühəndisliyi ixtisası üzrə 28 və Elektronika mühəndisliyi ixtisası üzrə 35 nəfər olmaqla, ümumilikdə 123 nəfərin qəbulu nəzərdə tutulur.
Sonra tədbirdə BMU-İNHA İDP ilə bağlı videoçarx nümayiş etdirilib.
Şagirdlərin suallarının cavablandırılması ilə davam edən görüşün sonunda iştirakçılara proqramla əlaqədar məlumat kitabçaları paylanılıb.
Qeyd edək ki, proqramla bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.
İctimaiyyətlə əlaqələr şöbəsi